TURİZM

25 May

"Buta Airways" Alanya şəhərinə reysləri bərpa edir

Azərbaycanın  "Buta Airways" aşağıbüdcəli aviaşirkəti 3 iyuldan etibarən Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.

Türkiyənin  bu kurort şəhərinə  uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcəkdir.

Bundan əlavə, 19 iyun tarixindən aşağıbüdcəli aviaşirkət  Ankaraya uçuşların  sayını artıracaqdır. Həmin tarixdən etibarən "Buta Airways" aviaşirkəti  tərəfindən Türkiyənin paytaxtına uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Aviabiletin dəyəri  55 avrodan başlayır.