TURİZM

21 Aprel

Qubada yeni turizm məlumat nişanları istifadəyə verilib

Quba rayonunun Qırmızı qəsəbə adlanan ərazisində Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə yeni turizm məlumat nişanları istifadəyə verilib.

Sayı 18-ə qədər olan nişanlar agentliyin turizm marşrutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq quraşdırılıb.

Onlar vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbə boyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılmış turizm informasiya lövhələrində həmin obyekt haqqında vacib məlumatları əldə edə biləcəklər.

Bununla yanaşı Qırmızı Qəsəbə və Quba Destinasiya Menecmenti təşkilatı bu piyada nişanları əsasında turistlərə yəhudi irsi üzrə turlar təşkil etməyi də nəzərdə tutur.

Pandemiya qaydaları çərçivəsində təşkil olunan tədbirdə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov və İsrail səfirliyinin Missiya rəhbəri Don Pier iştirak ediblər.

Tədbirdən öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Qırmızı Qəsəbədə adını daşıyan parkdakı heykəlinin önünə gül dəstələri düzüblər. Tədbiri açan Z.Əliyev qonaqları salamlayaraq, belə bir təşəbbüsə görə minnətdarlığını bildirib. D.Pier yaradılan şəraitə və köməkliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev parkı - Altı günbəzli sinaqoq - Tağlı körpü marşrutu üzrə hərəkət edərək qəsəbənin gəzməli-görməli yerlərini gəziblər.

Qeyd edək ki, İsrailin hüdudlarından kənarda yerləşən yəhudilərin yaşadığı qəsəbədə iki sinaqoq, yəhudi dinini öyrədən dərnəklər, Dağ yəhudilərinin muzeyi, turizm informasiya mərkəzi və bir çox görməli yerlər mövcuddur.

© Report