"Pandemiya ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda əsas diqqət daxili turizmin inkişafına yönəldilib".
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, bu il prioritet daxili turizm olacaq: "Müəyyən ölkələrdə, eyni zamanda Azərbaycanda ilin ikinci yarısında xarici turizmlə bağlı müəyyən pozitiv gözləntilər var. Yay turizminə dair ümidlərimiz olsa da, bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq. Ümumən tendensiya pozitivdir, artıq vaksinasiyaya da başlanılıb. Pandemiya nəzarətə götürüldüyü üçün turizmin perspektivinə də optimist baxırıq".
K. Quluzadə qeyd edib ki, ümumən 2021-ci il bütün ölkələrdə xarici turizm ili kimi dəyərləndirilmir: “Ümidlər 2022-ci illə bağlıdır. Dünya mütəxəssisləri də deyirlər ki, 2023-cü ilə qədər bu mövqelər artıq bərpa oluna bilər".