Müəyyən ölkələrdə, o cümlədən Azərbaycanda bu ilin ikinci yarısı üçün turizmlə bağlı pozitiv gözləntilər var. Yay turizmi ilə bağlı ümidlərimiz olsa da, bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq, vəziyyətə uyğun qərarlar veriləcək.
Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda əsas diqqət daxili turizmin inkişafına yönəldilib. Ümumilikdə bütün dünyada, eləcə də Azərbaycanda bu il prioritet istiqamət daxili turizm olacaq:
"Getmə və gəlmə turizmində dirçəliş olacağı ilə bağlı ümidlərimiz var. Ümumən tendensiya pozitivdir, artıq vaksinasiyaya da başlanılıb. Pandemiya nəzarətə götürüldüyü üçün turizmin perspektivinə də optimist baxırıq".
K.Quluzadə 2021-ci ilin bütün ölkələrdə xarici getmə-gəlmə turizm ili kimi dəyərləndirilmədiyini söyləyib.
O, əsas ümidlərin 2022-ci ilə bağlandığını açıqlayıb:
"Hesab edilir ki, növbəti ildən 2019-cu ildəki turizm sənayesi bərpa edilməyə başlayacaq. Dünya mütəxəssisləri də deyirlər ki, 2023-cü ilə qədər pandemiyadan əvvəlki vəziyyət artıq bərpa oluna bilər".
© Trend