TURİZM

02 Mart

Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri

Regionların turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksək qiymətləndirilə bilər.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev Azərbaycan Turizm Blogerləri Assosiasiyası ilə post pandemiya dövründə daxili turizmin bərpası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə keçirilən işgüzar görüşdə deyib.

Onun sözlərinə görə, turizm şirkətləri ilə blogerlərin birgə fəaliyyəti ölkə turizminin inkişafı və təbliği, eləcə də yeni məhsulların və istiqamətlərin yaradılması baxımından müsbət dəyişikliklər yarada biləcək.

Görüş çərçivəsində paytaxda və regionlarda mövcud olan turizm istiqamətlərinin və turizm məhsullarının tanıdılması, keyfiyyətli turizm faəliyyətinin qurulması və ictimai birliklər arasında qarşılıqlı iş birliyinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib, dünya turizminə böyük zərbə vuran COVİD-19 pandemiyası səbəbindən digər turizm subyektləri kimi blogerlərin də uzun müddət fəaliyyət göstərmədiyini diqqətə çatdırıb.

Assosiasiyanın post pandemiya dövründə ATAA ilə birgə əməkdaşlıq edərək ölkə turizminin bərpasında yaxından iştirak etməkdə maraqlı olduğunu deyən Azər Qərib daxili turizmin təbliği baxımından blogerlərin fəaliyyətinin yenidən bərpa olunmasının vacib olduğunu bildirib.

Görüş çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma sazişi imzalanıb.