Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül bu ilin yanvar ayında da davam edib.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Yanvarda ölkəmizə gələnlərin 34,1 %-i Rusiya, 28,4 %-i Türkiyə, 13,1 %-i İran, 11,7 %-i Gürcüstan, 2,1 %-i Ukrayna, 1,5 %-i Böyük Britaniya, 1 %-i Belarus, hər birindən 0,8 % olmaqla Özbəkistan və Türkmənistan, 0,7 %-i Qazaxıstan, 0,6 %-i Almaniya, 0,5 %-i İtaliya, 0,4 %-i ABŞ, 0,3 %-i Fransa, 4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 95,2 %-ni kişilər, 4,8 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan - 12,6 dəfə, Türkmənistandan - 8,8 dəfə, Özbəkistandan - 6 dəfə, Rusiyandan - 5,5 dəfə, Ukraynadan - 5,3 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, İrandan - 2,8 dəfə, Belarusdan - 2,6 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.
Ötən ilin yanvar ayı ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72%-i dəmir yolu və avtomobil, 23,4 %-i hava, 4,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.