Avropanın ən böyük loukosteri sayılan İrlandiyanın "Ryanair" aviaşirkəti 2021-ci maliyyə ilinin III rübünün nəticələrini açıqlayıb və mart ayında bitəcək maliyyə ilinin yekunlarında zərər təxminən 1 mlrd. avroya çata biləcəyini bildirib.
COVID-19 pandemiyası bütün sənayeyə mənfi təsir göstərib və ötən ilin dekabr ayında Böyük Britaniyada koronavirusun yeni ştammının aşkar edilməsi Krallığa uçuşların yenidən bağlanmasına səbəb olub. Nəticədə, Milad tətilləri belə çökən sərnişindaşımada vəziyyəti düzəldə bilmədi. Dekabr ayında loukoster 1,9 mln. sərnişin daşıyıb ki, bu da illik ifadədə 83% azdır. Maliyyə ilinin III rübündə isə sərnişin daşımaları 78% azalaraq 8,1 mln. sərnişin təşkil edib. Aviaşirkətin gəlirləri isə ötənilki 1,91 mlrd. avroya qarşı cəmi 0,34 mlrd. avro olub. Nəticədə, "Ryanair" maliyyə ilinin III rübünü 306 mln. avro məbləğində xalis zərərlə başa vurub.
Bütün maliyyə ilinin nəticələrinə əsasən, şirkət 26-30 mln. sərnişin daşımağı proqnozlaşdırır. Belə vəziyyətdə loukosterin zərəri 850-950 mln. avro təşkil edə bilər.