Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay hökuməti 31 yanvardan etibarən koronavirus pandemiyası səbəbindən xarici turistlərin giriş qaydalarını sərtləşdirməyə qərar verib.
Bu barədə əmirliyin mətbuat xidmətinin “Twitter” hesabında qeyd olunur.
Yeni qaydalara görə, Dubaya gələn bütün xarici vətəndaşlar yola düşmədən 72 saat əvvəl koronavirusa görə verilmiş mənfi nəticəli PCR testi barədə arayış təqdim etməlidirlər.
Bundan əlavə, bəzi ölkələrdən gələnlər (COVID-19-la bağlı vəziyyətdən asılı olaraq) Dubayda əlavə testdən keçməli ola bilərlər.
Son məlumatlara görə, epidemiyanın başlanğıcından bəri BƏƏ-də koronavirusa 293 mindən çox yoluxma, 819 ölüm, 267 mindən çox sağalma qeydə alınıb.
Əmirlikdə eksperimental əsaslarla peyvəndləmə prosesinə keçən ilin oktyabrında başlanılıb.
Peyvənd hazırda 16 yaşdan yuxarı hər kəs tərəfindən əldə edilə bilər. Hökumət bu ilin ilk rübündə ölkə əhalisinin 50% -ni peyvənd etməyi planlaşdırır.