Finss.az - ABŞ gələcəkdə ən kasıb ölkələrdə uşaqlar üçün peyvəndlərin alınmasını təmin edən Ümumdünya Peyvənd və İmmunizasiya Alyansı (Gavi) təşkilatına maliyyə dəstəyi göstərmək niyyətində olmadığını açıqlayıb.
Bu qərar ABŞ səhiyyə naziri Robert F. Kennedinin Alyansın peyvənd təhlükəsizliyi ilə bağlı məsələlərə yetərincə diqqət yetirməməsi barədə tənqidi mövqeyindən sonra səsləndirilib.
Kennedi COVID-19 peyvəndləri ilə bağlı Gavi-nin verdiyi tövsiyələri şübhə ilə qarşılayıb və adsorbsiya olunmuş qızılca-boğmaca-diftəriya (АКДС) peyvəndi ilə bağlı narahatlıq ifadə edib. Buna qarşılıq olaraq, Gavi Alyansından verilən açıqlamada, təşkilatın fəaliyyətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi şəkildə riayət olunduğu və AKDS peyvəndinin təhlükəsizliyi ilə bağlı heç bir şübhənin olmadığı bildirilib. Qeyd edilib ki, bu peyvənd 2000-ci ildən bəri Alyansın dəstəklədiyi ölkələrdə uşaqların ölüm göstəricilərini iki dəfə azaldıb.
Robert F. Kennedi Gavi-nin ictimai etimadı bərpa etməsi və 2001-ci ildən bəri ayrılan 8 milyard dollar vəsaitin düzgün istifadə olunduğunu sübut etməsi üçün çağırış edib. Nazir həmçinin, Alyansın bütün elmi məlumatları nəzərə almaqla fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Gavi Alyansı isə səhiyyə nazirinin elmi əsaslı yanaşmaya dair fikri ilə razılaşdığını və gələcəkdə də belə yanaşmanı davam etdirəcəyini bildirib.
Hazırda Gavi rəhbərliyi və alyansın tərəfdaş ölkələri Brüsseldə keçirilən sammitdə iştirak edir. Sammit çərçivəsində 2026–2030-cu illərdə fəaliyyətləri üçün 9 milyard ABŞ dolları məbləğində vəsaitin toplanması planlaşdırılır.