Tibb

13 May

Yeni pandemiya təhlükəsi: Alimlər H5N1 virusunun yayılmasından narahatdır

Finss.az – Dünyada yeni bir pandemiyanın yaranma riski artır.

Merilend Universitetinin İctimai Səhiyyə Məktəbinin alimlərinin araşdırmasına görə, quş qripi virusu (H5N1) ev pişikləri arasında sürətlə yayılmağa başlayıb və bu, insanlar üçün ciddi təhlükə yarada bilər. Araşdırmanın nəticələri Open Forum Infectious Diseases elmi jurnalında dərc olunub.

Alimlər son 20 ilin məlumatlarını analiz edərək bildiriblər ki, H5N1 virusu aktiv şəkildə mutasiyaya uğrayır və növlərarası ötürülmə qabiliyyəti artır. Ən böyük narahatlıq doğuran məqam isə pişiklərin bu virusa qarşı çox həssas olmasıdır. 18 ölkədə qeydə alınan 607 yoluxma halının yarısı ölümcül nəticələnib.

Virus heyvanlara yoluxmuş quşların, çiy ətin və hətta yoluxmuş inək südünün qəbulu ilə keçə bilir. Lakin virusun pişiklərdə diaqnostikası əsasən ölüm sonrası aparıldığı üçün vaxtında aşkarlanması çətinləşir.

H5N1-in ağır nevroloji simptomlara – quduzluğu xatırladan əlamətlərə səbəb olduğu bildirilir. Alimlər bu virusun ev və kənd təsərrüfatı heyvanları arasında yayılmasının infeksiya ocaqları yaratmaq riski daşıdığını vurğulayırlar. Sığınacaqlar, fermalar və zooparklar potensial təhlükə mənbəyinə çevrilə bilər.

Ən qorxulu ssenarilərdən biri isə virusun hava-damcı yolu ilə insanlar arasında yayılma qabiliyyəti qazanmasıdır. İnsanlar arasında H5N1-dən ölüm göstəricisi bəzi hallarda 60%-ə qədər yüksələ bilər. Bu səbəbdən mütəxəssislər sanitar nəzarətin gücləndirilməsi və epidemioloji monitorinqin artırılmasını zəruri hesab edirlər.