Finss.az - ABŞ-ın Pensilvaniya Universiteti və digər elmi qurumların alimləri insan sümük iliyini təqlid edən innovativ platforma hazırlayıblar. Bu cihaz kimyaterapiya və şüa terapiyası zamanı xəstələrin hematopoez proseslərini və immun reaksiyalarını canlı sümük iliyinə zərər vermədən öyrənməyə imkan verir.
Araşdırma “Cell Stem Cell” jurnalında dərc olunub.
Yeni çip hidrogel mühitində qan kök, endotelial və mezenximal hüceyrələrdən istifadə edərək sümük iliyinin mürəkkəb strukturunu modelləşdirir. Sistem funksional qan hüceyrələrinin istehsalını və onların digər orqanlarla qarşılıqlı əlaqəsini simulyasiya edə bilir.
"Sistem bu günə qədər yaradılmış ən mürəkkəb biomühəndis toxuma modellərindən biridir", - deyə tədqiqatın müəllifi, biomühəndislik professoru Den Hu bildirib.
Cihaz həmçinin xərçəng müalicəsinin yan təsirlərini araşdırmaq, yeni dərmanlar hazırlamaq və astronavtların mikroqravitasiya şəraitində immun sisteminə təsirlərini öyrənmək üçün istifadə edilə bilər.
Texnologiyanın əvvəlcə kosmosda təcrübələr üçün nəzərdə tutulmasına baxmayaraq, yer üzündə də geniş tətbiq imkanlarına malik olduğu sübut edilib. Alimlər bunun immun sisteminin işləməsinə dair anlayışı genişləndirərək yeni müalicə üsullarının inkişafını sürətləndirəcəyinə inanırlar.
Zemfira Ms
Finss.az