TENDER

21 Fevral

Nazirliyin 3,2 milyonluq tenderini udan şirkət: Vergi borcumuz yoxdur, hətta artıq ödəməmiz var - YENİLƏNİB

Azərbaycanda 3,2 milyon manatlıq tenderin qalibi - "MƏİŞƏT İST" MMC 70 min manat vergi borcunun olması məsələsinə aydınlıq gətirib.

Şirkətin rəhbəri Nicat Cəfərov bildirib ki, hər hansı tender keçirilərkən qaydalara uyğun olaraq vergi borcu ilə bağlı arayış təqdim edilir. Şirkətin vergi borcu olduğu halda tenderə buraxılmır. Yəni, "MƏİŞƏT İST" MMC-nin tender keçirilərkən hər hansı bir vergi borcu olmayıb: "Tender keçiriləndən sonra bu il 6 min manat vergi öhdəliyi yaranıb, qarşılığında 10 min manat ödəniş etmişik. Hətta 4 min manat artıq ödəməmiz yaranıb".

Nicat Cəfərov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, 3 iş günü ərzində sistemdə göstərilən borc silinəcək.

Qeyd edək ki, "MƏİŞƏT İST" MMC Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderin qalibi seçilib. Şirkətlə göstəriləcək xidmət üzrə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.

* * *

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderə yekun vurub.

Fins.Az xəbər verir ki, "MƏİŞƏT İST" MMC bu tenderin qalibi seçilib. Qalib şirkətlə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcunun olduğu ilə bağlı məlumat var. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

©apa