BAZAR

20 Aprel

ADNSU ilə AFA arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Françayzinq Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru Mustafa Babanlı universitetdə görülmüş işlər, qarşıda duran planlar haqqında geniş məlumat verib.

AFA sədri Camid Mövsümov assosiasiyanın Azərbaycana gətirdiyi qlobal markalar haqqında və universitetlə görülməsi planlanan işlər haqqında geniş məlumat təqdim edib.

Assosiasiyanın İdarə heyəti üzvü Tariyel Dövlətov universitetlə assosiasiya arasında işlərin koordinasiyası üzrə məsul şəxs təyin olunub.

Universitetin tələbələrinin assosiasiyaya üzv olan təşkilatlarda təcrübə keçməsi, işlə təmin olunmaları, həmçinin assosiasiyanın qlobal layihələrində aktiv iştirakları planlanır. Universitetin beyin məhsullarının assosiasiya vasitəsilə xaricə ixracı da hədəflənir.

AFA, əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

AFA-nın əsas fəaliyyət istiqamətləri sırasına ölkəmizdə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsi və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.