SOSİUM

05 Noyabr

2026-cı ildə pensiyalar 9,2 faiz indeksləşdiriləcək

Gələn il Azərbaycanda pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır.

Finss.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulur.

“Bu vəsaitin 81,2%-i (635,6 milyon manat) indeksasiya xərclərinin, qalan hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların maliyyələşdirilməsi xərclərinin payına düşür,” – deyə nazir qeyd edib.

Proqnoz göstəricilərə əsasən, 2026-cı ildə orta pensiya məbləği 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın orta məbləği isə 629 manata çatacaq.