SOSİUM

22 Oktyabr

“Lənkəran Konserv Zavodu” MMC-yə yeni direktor təyin edilib

Finss.az -“Lənkəran Konserv Zavodu” MMC-də rəhbərlikdə dəyişiklik baş verib.

Banker.az  xəbər verir ki, şirkətin yeni direktoru Nağıyev Ziya Hüseyn oğlu təyin olunub. O, bu vəzifədə zavoda 2010-cu ildən rəhbərlik edən Camalov Ramin Cəlal oğlunu əvəz edib.

Yeni direktor Ziya Nağıyev uzun illər ərzində Azərbaycanın qida sənayesi sektorunda fəaliyyət göstərib. O, daha əvvəl “Baglan Group”, “AS Group Investment”, “Ağcəbədi Süd Zavodu” və “AzProtein Food Group” kimi tanınmış şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

“Lənkəran Konserv Zavodu” MMC 2010-cu ildə “Gilan Lənkəran Konserv Zavodu” adı ilə dövlət qeydiyyatından keçib. Şirkət 2022-ci ildə rebrendinq edərək hazırkı adını alıb. Eyni zamanda, müəssisənin nizamnamə kapitalı 1 100 manatdan 17,4 milyon manata qaldırılıb ki, bu da şirkətin istehsal gücünün və investisiya potensialının artdığını göstərir.

Zavod 2 hektar ərazidə yerləşir və İtaliyanın “Padovan” şirkətinin texnologiyaları ilə təchiz olunub. Müəssisə saatda 5 000 litr istehsal gücünə malik iki xəttə sahibdir. Zavodda meyvə püresi və aseptik dolumlu tomat pastası istehsalı həyata keçirilir. Məhsullar yerli bazarda və ixrac üçün “Bağdan” ticarət nişanı altında təqdim olunur.