2025-ci ilin payızında əmlak bazarında qiymət artımı davam edir.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Finss.az-a açıqlmasında bazarda müşahidə olunan tendensiyaları şərh edib.
Onun sözlərinə görə, bazarda bahalaşma təxminən 10 faiz civarındadır və bu, rayondan və mənzilin seqmentindən asılı olaraq fərqlilik göstərir:
"Ən çox qiymət artımları ipotekaya yararlı mənzillərdə müşahidə olunur, çünki vətəndaşlar ipoteka ilə almağa üstünlük verirlər. Bununla yanaşı, torpaq sahələrinin qiymətində də nəzərəçarpacaq artımlar baş verir, çünki biz illərdən bəri bu tendensiyanı müşahidə edirik. Hesab edirəm ki, növbəti ilin sonuna qədər də qiymətlərdə bahalaşma davam edəcək. Qiymətlər durmadan artır və bunu şərtləndirən müxtəlif səbəblər mövcuddur."
R.Qasımzadə qiymət dəyişikliklərini konkret rəqəmlərlə izah edib:
"Əgər əvvəllər orta qiymət 1000–1050 manat aralığında idisə, iki-üç il əvvəl bu qiymət 1000 manata yaxınlaşmışdı. May və aprel aylarında orta qiymət təxminən 2600–2700 manat ətrafında idi, amma indi bu qiymətin tədricən 3000 manata yaxınlaşdığını görürük."
Ekspert alıcılar və satıcılar üçün tövsiyələrini də verib:
"Alıcılara təsiri belədir: təbii ki, gözləmə mövqeyində olmasınlar, çünki gözlədikcə qiymətlər daha da artır. Satıcılara isə müsbət təsir göstərəcək, çünki onlar əmlaklarını daha yüksək qiymətə sata biləcəklər."
R.Qasımzadə qeyd edib ki, payız mövsümü bazarda fəallığın artdığı dövrdür. Qiymətlərin yüksəlməsi alıcılar üçün bazara erkən daxil olmağın, satıcılar üçün isə əmlakı yüksək qiymətə satmağın əlverişli vaxt olduğunu göstərir.
Fuad Mədətov
Finss.az