Finss.az - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri sürətlə davam edir.
Paytaxtda 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi və əsas korpusun yenidən əsaslı təmiri həyata keçirilir.
Bundan əlavə, 57, 68, 141 və 151 nömrəli məktəblərin köhnə binaları sökülərək yenidən inşa edilir. 59 və 324 nömrəli məktəblər, 328 nömrəli uşaq bağçası, eyni zamanda Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası və “Şahin Abbasov” adına körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Eyni zamanda, Bakı şəhərində 100-dən çox təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılır. Bu layihələr təhsil infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Azərbaycan hökumətinin təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı dövlət siyasəti nəticəsində ölkədə təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir standartlara cavab verəcək səviyyədə yenidən qurulub. Paytaxtdakı tikinti və təmir işlərinin yaxın vaxtlarda yekunlaşması planlaşdırılır.
Bu proseslər Bakı şəhərində təhsil sahəsində keyfiyyətin artırılması və müasir tədris mühitinin yaradılması məqsədi daşıyır.











