SOSİUM

06 Avqust

Sabunçu rayonunda 2 otaqlı mənzillərin qiyməti - TƏHLİL

Finss.az - Bakının sürətlə inkişaf edən Sabunçu rayonu, xüsusilə Bakıxanov və ətraf yaşayış komplekslərində yerləşən 2 otaqlı yeni tikili mənzillərlə alıcıların diqqətini cəlb edir. Satışda olan mənzillər arasında həm premium yaşayış komplekslərinə məxsus əmlaklar, həm də ipotekaya yararlı, əlverişli qiymətlərlə təqdim olunan mənzillər yer alır. Qiymətlər təxminən 92 000 AZN-dən başlayaraq 292 000 AZN-ə qədər dəyişir.

Məsələn, Bakıxanov qəsəbəsində, prestijli "Teras Park" yaşayış kompleksində yerləşən 2 otaqlı, 61 m² sahəyə malik mənzil yüksək səviyyədə təmir olunub. Mənzildə kombi istilik sistemi (isti döşəmə), daim qaz, su, işıq təchizatı, 24/7 mühafizə, uşaq meydançası və 2 mərtəbəli yeraltı parking mövcuddur. Məktəb və ticarət mərkəzlərinə yaxın yerləşməsi də bu mənzili cəlbedici edir. Qiyməti 210 000 AZN-dir (3 440 AZN/m²).

Bundan fərqli olaraq, "Bakıxanov" dəmiryolu stansiyasına yaxın, 20 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 82 m²-lik qanuni 2 otaqlı mənzil 142 000 AZN-ə təklif olunur. Mənzil qismən əşyalı, ipotekaya yararlıdır, kombi istilik sistemi, eyvan və yelçəkən planlama ilə təchiz olunub. Ətrafda məktəblər, bağçalar, marketlər və 24 saat fəaliyyət göstərən xidmət obyektləri yerləşir.

Əlverişli qiymətli mənzillər sırasında "Bakı Yaşayış Kompleksi"ndə yerləşən və 4%-li ipoteka ilə satışa çıxarılan 73 m² sahəyə malik 2 otaqlı, təmirdən yeni çıxmış mənzil də yer alır. Qiyməti 95 000 AZN-dir (1 300 AZN/m²). Kompleksin yaxınlığında avtobus dayanacağı, restoranlar, bağçalar və sürətli qatara çıxış mövcuddur.

Daha münasib qiymətlərlə təklif olunan mənzillərdən biri də Bakıxanovda "Akkord" yaşayış kompleksində yerləşən, 55 m² sahəli, 1 otaqdan 2 otağa düzəlmə, super təmirli və əşyalı mənzildir. Qiyməti 92 500 AZN təşkil edir (1 680 AZN/m²). Mənzil magistral yolun üstündə yerləşir və şəhər mərkəzinə 10 dəqiqəlik məsafədədir.

Rayonun premium kateqoriyaya aid layihələrindən biri "Sea Breeze Marina Village"də yerləşən 57.1 m² sahəyə malik təmirli mənzildir. Burada dəniz mənzərəsi, yaxta klubu, yeraltı dayanacaq, eləcə də 18 ayadək faizsiz kredit imkanı mövcuddur. Bu mənzilin satış qiyməti 213 582 AZN-dir (3 740 AZN/m²).

Daha yüksək komfort səviyyəsi axtaranlar üçün isə "Sea Breeze Light House"da yerləşən, tam təmirli və əşyalı 55 m²-lik mənzil təklif olunur. Bu binada fərdi hovuz, uşaq meydançası və həm yerüstü, həm də yeraltı parking xidmətləri mövcuddur. Mənzil 292 000 AZN qiyməti ilə bazarda təqdim edilir (5 310 AZN/m²).

Sonda qeyd edək ki, Sabunçu rayonu, xüsusilə Bakıxanov və yaxın ərazilərdə yerləşən yeni tikili mənzillər həm yaşayış, həm də investisiya məqsədləri üçün getdikcə daha cəlbedici olur. Mənzillərin əksəriyyətində çıxarış (kupça) və ipoteka uyğunluğu mövcuddur ki, bu da alıcılar üçün hüquqi və maliyyə rahatlığı təmin edir.