Finss.az - Son illərdə xaricdə təhsil almaq istəyən Azərbaycan gənclərinin sayı əhəmiyyətli dərəcədə artıb.
Lakin bir çox abituriyent üçün ciddi problem olaraq seçilən bəzi xarici universitetlərin diplomlarının Azərbaycanda tanınmaması qalır. Bu isə həm şəxsi, həm də ailə büdcəsi baxımından böyük itkilərə yol açır.
Təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, əsas səbəb xarici universitetlərin rəsmi akkreditasiya olunmaması və ya filiallarının hüquqi statusunun olmamasıdır. Azərbaycanda xarici diplomların tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir və onların 2023-cü il statistikalarına görə, təxminən müraciətlərin 21%-i rədd edilir.
Rədd cavablarının əsas səbəbləri arasında təhsil müddətinin az olması, distant təhsil formaları, akkreditasiyasız ali təhsil müəssisələri və proqramların uyğunsuzluğu dayanır. Əsasən Gürcüstan, Moldova, Ukrayna, Şimali Kipr, Qazaxıstan və Qırğızıstandakı bəzi özəl universitetlərin diplomları problem yaradır.
Ekspert vurğulayır ki, dövlət tərəfindən sistemli maarifləndirmə aparılmalı, gənclərə təhsilə başlamazdan əvvəl konsultasiya xidməti yaradılmalı və TKTA tərəfindən tanınmayan universitetlərin siyahısı mütəmadi olaraq yenilənməlidir. Əks halda, xaricdə təhsil alan gənclər diplomlarını “keçərsiz kağız” kimi görə bilər ki, bu da həm fərdi, həm də milli səviyyədə təhsil siyasətində ciddi problemlər yaradacaq.