SOSİUM

18 İyul

Məktəbəqədər təhsil müəssisələrinə qəbulda elektron növbə sistemi aktivləşidi

Finss.az - 2025-ci il iyulun 18-dən saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-dən isə saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.

Müvafiq qaydalarla müəyyən edilib ki, 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, valideynlər hər bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbə yarada bilərlər. Növbələrdə boş yerlər olduğu halda, sorğular minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğuya çevrildikdən sonra valideyn və ya qanuni nümayəndə 7 gün ərzində sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Bu müddət ərzində sənəd təqdim edilmədikdə sorğu silinəcək və növbədəki digər uşağın qəbulu təmin olunacaq.

Valideynlər qəbul prosesinə hazırlıq məqsədilə www.bq.edu.az saytına daxil olaraq elektron kabinet yarada bilərlər. Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideynlərin kabinetlərinə əlavə olunub və bu il üçün keçərli sayılmır.

Bu sistem məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində şəffaflığı və əlçatanlığı artırmaq, valideynlərin işini asanlaşdırmaq məqsədi daşıyır.