SOSİUM

10 İyul

İKZF vətəndaşlara “Xruşovka” tipli binalardan uzaq durmağı tövsiyə edir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vətəndaşlara ipoteka krediti ilə mənzil seçərkən “Xruşovka” tipli və sökülmə riski olan binalardan uzaq durmağı tövsiyə edir.

Finss.az xəbər verir ki, bu barədə Fondun baş meneceri Rasim Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ipoteka kreditləri yalnız 1970-ci ildən sonra tikilmiş binalardakı mənzillərə verilir. Kreditin ayrılması prosesində mənzil qiymətləndirilməyə cəlb olunur və bu qiymətləndirmə “Qiymətləndirmə haqqında” qanuna əsasən aparılır.

“Qiymətləndirmə zamanı mütləq şəkildə binanın sökülmə ərazisində yerləşib-yerləşmədiyi araşdırılır. Əgər mənzil sökülmə riski olan binada yerləşirsə, bu barədə qiymətləndirici qeydlər aparır. Nəticədə həmin əmlak bankın kredit komitəsində nəzərdən keçirilir və çox zaman belə hallarda kredit verilmir,” – deyə R.Abdullayev bildirib.

Fond rəsmisinin sözlərinə görə, ipoteka kreditləri 20-25 illik müddəti əhatə etdiyindən, sökülmə ehtimalı olan binalarda yerləşən mənzillər riskli hesab olunur. Bu səbəbdən vətəndaşlara bu tip yaşayış sahələrindən imtina edib alternativ, daha dayanıqlı binalardan mənzil seçmələri tövsiyə olunur.

Fuad Mədətov
Finss.az