Finss.az - “Yaşıl enerji kabeli” İpək Yolu regionunda enerji təhlükəsizliyini və rəqabət qabiliyyətini artıracaq
“Astana” Beynəlxalq Maliyyə Mərkəzi ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən hazırlanmış analitik hesabatda Qazaxıstan və Azərbaycanı birləşdirəcək “yaşıl enerji kabeli” layihəsinin İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub.
Sözügedən sualtı yüksək gərginlikli kabel Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirərək Cənubi Qafqazı Avropaya bağlayan daha geniş “yaşıl enerji sualtı kabel” layihəsinin bir hissəsi olacaq. Layihə Mərkəzi Asiyada istehsal olunan təmiz elektrik enerjisinin – əsasən günəş və külək enerjisinin – Avropa İttifaqına ixracını mümkün edəcək, regionda enerji mənbələrinin şaxələndirilməsinə və Aİ-nin dekarbonizasiya hədəflərinə dəstək verəcək.
Hesabatda vurğulanır ki, Transxəzər enerji kabeli sabit xarici satış kanalını təmin etməklə bərpa olunan enerji layihələrinin investisiya cəlbediciliyini artıracaq. Layihənin Avropanın enerji təhlükəsizliyi və iqlim gündəliyi ilə uyğunluğu nəzərə alınaraq, “Global Gateway” təşəbbüsünün mühüm maliyyələşdirmə mexanizmi ola biləcəyi qeyd olunur.
Makroiqtisadi baxımdan, layihə Qazaxıstan və Azərbaycan arasında karbohidrogenlərdən elektrik enerjisinə keçidi sürətləndirərək hər iki ölkənin aşağı karbonlu enerji ixracatçıları kimi mövqeyini gücləndirəcək, regional elektrik şəbəkələrinin modernləşdirilməsini və iqtisadi şaxələndirməni təşviq edəcək.
Maliyyələşmə modeli olaraq güzəştli kreditlər, dövlət zəmanətləri, qarışıq maliyyələşdirmə və dövlət-özəl tərəfdaşlıqlar təklif olunur. Avropa İnvestisiya Bankı, Avrasiya Yenidənqurma və İnkişaf Bankı və iqlim fondları layihənin maliyyələşməsində əsas rol oynaya bilər.
© xalqqazeti