Finss.az - İşğaldan azad edilmiş ərazilərdə əmək hüquqlarının qorunması, təhlükəsiz iş şəraitinin yaradılması və rəqəmsal nəzarət mexanizmləri vasitəsilə şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “DOST to DOST” layihəsinin “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxış edərkən deyib.
Xidmət rəisinin sözlərinə görə, Əməyin Mühafizəsi Mərkəzi həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrdə maarifləndirmə tədbirləri həyata keçirir. 2025-ci ilin ilk 5 ayında bölgədə 15 tədbir təşkil olunub.
“DOST Müfəttiş” və “Nümunəvi işəgötürən” layihələrinin əmək bazarında hüquqi biliklərin artırılmasına və sağlam iş mühitinin formalaşmasına töhfə verdiyini qeyd edən Quliyev, bu təşəbbüslərin beynəlxalq səviyyədə tanındığını və mükafatlara layiq görüldüyünü vurğulayıb.
O, həmçinin könüllülük hərəkatının genişlənməsinə də toxunaraq bildirib ki, bu fəaliyyət gənclərin sosial həyata cəlb olunması, əmək bacarıqlarının inkişafı və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“DOST Agentliyi də daxil olmaqla bir çox dövlət və ictimai qurumlar fəal könüllü proqramları həyata keçirir. “Könüllü DOST” proqramı bu sahədə aparıcı təşəbbüslərdən biri kimi tanınır”, – deyə o əlavə edib.
Quliyev bildirib ki, DƏMX və DOST Agentliyinin birgə təşkil etdiyi “Əmək hüquqları” təlim proqramı gənclərin əmək qanunvericiliyi üzrə biliklərinin artırılmasına, onların real iş mühitinə hazırlanmasına xidmət edir. Artıq ikinci dəfə keçirilən “DOST to DOST” layihəsi çərçivəsində iştirakçılar əməyin mühafizəsi və müasir əmək münasibətləri ilə bağlı praktiki biliklər qazanırlar.