Finss.az - Azərbaycanın Məşğulluq Strategiyasının əsas hədəfləri işsizlik səviyyəsinin azaldılması, rəsmi məşğulluğun artırılması və əmək məhsuldarlığının yüksəldilməsidir ki, onun effektiv icrası nəticəsində bir sıra mühüm dəyişikliklərin baş verməsi gözlənilir.
Bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə bildirib.
"İlk növbədə, əmək bazarındakı proseslərə çevik və operativ cavab verə bilən bir institusional sistemin qurulması hədəflənir. Bu sistemin qurulması əmək bazarında baş verən dəyişikliklərə sürətli adaptasiya imkanı yaradacaq. Eyni zamanda, inklüziv məşğulluğun təmin edilməsi nəzərdə tutulur ki, bu da hər bir vətəndaşın əmək bazarına bərabər və ədalətli çıxışını təmin edəcək. Məşğulluq Strategiyasının prioritetlərindən biri təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Bu əlaqənin gücləndirilməsi gənclərin və işçi qüvvəsinin daha effektiv şəkildə əmək bazarına inteqrasiya olunmasına imkan verəcək. Təhsil və əmək bazarının qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi işsizliyin azaldılması və rəqabətqabiliyyətli peşə və texniki biliklərin əldə edilməsi istiqamətində mühüm bir addım olacaq", - deyə o qeyd edib.
Bundan başqa, S.Cumazadənin sözlərinə görə, məşğulluq və sosial müdafiə mexanizmləri arasında daha sıx və əlaqəli sistemin qurulması gözlənilir: "Bu yanaşma vətəndaşların sosial müdafiə sistemindən daha səmərəli istifadə etmələrini və əmək bazarında iştirak imkanlarının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək. Strategiyanın icrası nəticəsində ölkənin əmək bazarında inklüziv və çevik bir sistemin formalaşması, işsizlik səviyyəsinin azalması və əmək məhsuldarlığının artması gözlənilir. Nəticədə, həyata keçirilən islahatlar əmək bazarının dinamik inkişafına, vətəndaşların layiqli məşğulluq imkanlarına çıxışının genişlənməsinə və ümumi iqtisadi inkişafa müsbət töhfə verəcək".
İİTKM rəsmisi Məşğulluq Strategiyasının həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsi haqda da danışıb: "2019–2030-cu illəri əhatə edən Strategiyanın iki tamamlayıcı mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. "2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın icrası başa çatdıqdan sonra növbəti mərhələyə aid Tədbirlər Planı təsdiq ediləcək. Tədbirlər Planı qoyulan hədəflərə nail olmaq üçün zəruri addımları əhatə etməklə, hər bir tədbir üzrə ilkin, aralıq və yekun nəticə indikatorlarının müəyyənləşdirilməsi əsasında tərtib ediləcək. Ümumilikdə, Strategiyanın həyata keçirilməsinin səmərəliliyini və effektivliyini təmin etmək məqsədilə aparılan monitorinq prosesini illik əsaslarla İqtisadi İİTKM həyata keçirir. Monitorinq və qiymətləndirmə zamanı tədbirlərin həyata keçirilməsi və gözlənilən nəticələrə uyğunluğu diqqətlə təhlil edilir və icra müddətinə uyğunluq yoxlanılır".
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlaqələndirici orqan olaraq, əsas icraçılardan hesabatları toplayır və ümumiləşdirilmiş hesabatı Mərkəzə təqdim edir. Mərkəz təqdim olunmuş hesabatları, həmçinin zəruri gördükdə digər əlaqədar mənbələrdən əldə edilən məlumatları təhlil edərək, monitorinq və qiymətləndirmə hesabatını hazırlayır və müvafiq qaydada ƏƏSMN-ə təqdim edir. Monitorinq və qiymətləndirmə prosesi beynəlxalq və yerli təcrübəyə əsaslanan metodoloji çərçivə əsasında həyata keçirilir", - deyə S.Cumazadə əlavə edib.