SOSİUM

22 May

Xəzər neftdən təmizlənir

Finss.az - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanın­da Dövlət Dəniz və Liman Agentliyində Neft Dağıl­malarına Hazırlıq üzrə Beynəlxalq Təşəbbüs (OSPRİ) təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə agentliyin dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov Xəzər dənizinin Azərbaycana məxsus ərazilərində baş verə biləcək neft dağılmalarına qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, hazırda agentlik “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiya və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” protokolundan irəli gələn öhdəliklərin icrası istiqamətində bır sıra tədbirlər həyata keçirir.

OSPRİ təşkilatının nümayəndələri agentlik tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, OSPRİ təşkilatı Xəzər dənizi – Qara dəniz – Mərkəzi Avrasiya regionunda neft dağılmalarına qarşı etibarlı, inteqrasiya olunmuş və dayanıqlı reaksiya imkanlarını təşviq etmək üçün bir qrup neft şirkəti tərəfindən (BP, Chevron, Eni, ExxonMobil, KMG, NCOC, Shell və TotalEnergies) yaradıb.