SOSİUM

20 May

Pirallahı rayonunda 3 küçədə təmir işləri aparılır VİDEO/FOTO

Finss.az - Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat, Sahil və Dostluq küçələrinin əsaslı təmiri aparılır. 
 
Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq. 
 
Hazırda uzunluğu 880 metr olan Dostluq küçəsində torpaq işləri, 850 metr uzunluğunda olan Sahil küçəsində torpaq və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 435 metr uzunluğa malik Mətbuat küçəsində isə yeni asfalt örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir. 
 
Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir.
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. 
 
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur. 
 
YOLUNUZ AÇIQ OLSUN...

Zemfira Ms
Finss.az