Finss.az - 2025-ci ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə ümumilikdə 108.017 müraciət üzrə 161.897 Asan İmza sertifikatı təqdim edilib.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata əsasən, cari ilin ilk dörd ayında vergi ödəyicilərinə xidmət mərkəzlərində 210.269 şəxs qəbul edilib, onlara ümumilikdə 333.849 xidmət göstərilib. Bu xidmətlərin 111,8 mindən çoxu şifahi, yəni vətəndaşların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı suallarının cavablandırılmasına yönəlmiş xidmətlər olub. Eyni zamanda, 82,6 minə yaxın xidmət elektron formada, o cümlədən bəyannamə və hesabatların hazırlanması və göndərilməsi sahəsində göstərilib.
Qeyd olunan dövrdə təqdim edilən xidmətlərin 90,1%-ni aşağıdakı 9 əsas istiqamət təşkil edib:
-
Bəyannamələrin və vergi ödəmələrinin hesablanması barədə arayışların təqdim edilməsi;
-
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və bərpası;
-
Sadələşdirilmiş vergi, sosial və tibbi sığorta haqqı üzrə qəbzlərin verilməsi;
-
Asan İmza sertifikatlarının təqdim edilməsi;
-
Vergi ödəyicilərinə arayışların verilməsi;
-
Uçot məlumatlarının dəyişdirilməsi;
-
Fiziki şəxslərin uçota alınması və uçotdan çıxarılması;
-
Vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması və uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 12.200-ə yaxın yazılı müraciət cavablandırılıb, 9,3 milyona yaxın məlumatlandırıcı bildiriş göndərilib. Bundan əlavə, 1.505 vergi ödəyicisinin iştirakı ilə 138 görüş, həmçinin 1.686 vergi ödəyicisinə ünvanlı xidmət təşkil olunub.
Vergi ödəyicilərinin vaxtında məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 784 minə yaxın SMS bildiriş göndərilib.