Finss.az - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Çinin məşhur "CRRC Ziyang Co., Ltd" şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri alacaq.
Bu barədə ADY-dən məlumat verilib.
Məlumatda bildirilir ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.
Yeni lokomotivlər qabaqcıl texnologiyalarla təchiz olunub və innovativ dartı sistemləri ilə üstünlüklərə malikdir. AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, geniş yanacaq tutumu və etibarlılığı ilə diqqət çəkir. Həmçinin, bu model Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir, bu da onu xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə üçün əlverişli edir.
Lokomotivlərin əsas məqsədi, xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etməkdir. ADY-nin növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınmasını planlaşdırdığı bildirilib.
Qeyd edək ki, Azərbaycanın tranzit dəhlizləri üzrə yüklərin davamlı artmasını nəzərə alaraq, ADY lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə xüsusi diqqət ayırır və yüklərin təhlükəsiz daşınmasını təmin etməyə çalışır.
