SOSİUM

05 Fevral

Əlilliyi olan şəxslər televiziyadan məlumatları azərbaycan işarət dili ilə əldə edəcək

Fins.az -  Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir.

Bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Dəyişiklik layihəsi, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Yeni maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verəcək. Həmçinin, dövlət dilinin şifahi istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınacaq.

Dövlət büdcəsindən maliyyələşən və ümumölkə yerüstü televiziya yayımçıları, proqramlarını Azərbaycan işarət dilində tərcümə ilə yayımlayacaq. İşarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik şəxslər həyata keçirəcəklər. Həmçinin, dövlət audiovizual əsərlərin subtitrləşdirilməsini təşviq edəcək.

Layihə müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. Komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu dəyişiklik beynəlxalq konvensiyalara uyğundur və əlilliyi olan şəxslərin məlumat əldə etməsini asanlaşdırır.

Zemfira Ms
Fins.az