Finss.az - Malayziyanın Kuala-Lumpur şəhəri yaxınlığında yerləşən qaz kəmərində baş verən yanğın nəticəsində 33 nəfər xəsarət alıb.
Hadisə çərşənbə axşamı Petronas dövlət enerji şirkəti tərəfindən istismar olunan qaz kəmərində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılardan altısı xəstəxanaya yerləşdirilib.
Yanğınsöndürənlər alovun qarşısını almaq üçün işləri davam etdirirlər. Selandor ştatının yanğınsöndürmə xidmətinin direktoru Van Md Razali Van İsmail bildirib ki, yanğınla mübarizə hələ də davam edir.
Bundan əlavə, Kampunq Kuala Sunqay Baru bölgəsində bir neçə nəfərin evlərdə tələyə düşdüyü bildirilir. Selandor ştatının Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin sədri Mohd Nadjvan Halimi bildirib ki, həmin şəxslərin xilas edilməsi üçün işlər görülür.
Petronas şirkəti hadisə ilə bağlı açıqlama verərək, qaz kəmərinin zədələnən hissəsinin izolyasiya edildiyini bəyan edib. Selandor yanğınsöndürmə xidməti isə yanğının ətraf ərazilərə də təsir etdiyini bildirib.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır.