Finss.az - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ErnstYoung (EY) şirkətinin nümayəndələri arasında iqlimlə əlaqəli korporativ idarəetmə (CCG) layihəsi çərçivəsində görüş keçirilib.
ASCO-dan verilən məlumata görə, görüşdə layihə üzrə aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin ASCO-nun fəaliyyətinə təsirləri, iqlim riskləri və imkanları müzakirə olunub. Həmçinin, iqlimlə əlaqəli idarəetmə tədbirləri və davamlı maliyyələşdirmə üzrə yol xəritəsi təqdim edilib.
Görüşdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) S1 və S2 standartlarının tələbləri də müzakirə edilib. Bu standartlar çərçivəsində iqlimlə bağlı açıqlamaların gələcəkdə necə tətbiq ediləcəyi barədə fikir mübadiləsi aparılıb.
AYİB, CCG layihəsi çərçivəsində ASCO-ya korporativ iqlim idarəçiliyi planlarının hazırlanmasında və Paris Sazişinin hədəflərinə uyğun fəaliyyət göstərməsinə dəstək göstərəcək. Layihə həmçinin Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsinin (SLFF) hazırlanmasını və ASCO-nun davamlılıqla əlaqəli kreditlər və istiqrazlar əldə etməsini nəzərdə tutur.
Qeyd edək ki, AYİB, CCG sistemini tətbiq edən ilk beynəlxalq maliyyə qurumudur. Bu layihə, iqlim dəyişikliyi ilə bağlı qərar qəbuletmə prosesləri və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır.