Finss.az - Süni zəkanın "yazdığı" jurnalist yazıları
İndi hardasa media qurumların redaktorlarının e-poçt qutuları süni zəkanın “məhsulu” olan zəif və eyni məzmunlu məqalələr ilə dolub daşır. Aşağı keyfiyyətli yazıların oxuculara sırınmasından çox, məlumatın etibarlılığını təmin edən mənbə məsələsi daha çox narahatlıq və şübhə doğurur.
Yəni, süni zəkaya etibar nə qədər artırsa, bir o qədər də onun etibarsız məlumatlar yayılmasındakı rolu daha qabarıq görünür.
Süni zəka hələ ki, mötəbər mənbələri etibarsız mənbələrdən lazımi şəkildə ayırd edə və ya etibarlılığını qiymətləndirə bilmir. Çünki süni zəkanın insanların məlumatı qiymətləndirmək üçün istifadə etdiyi kontekst, tənqidi düşüncə və etik mühakimə bacarıqları yoxdur. O sadəcə verilənlərdəki nümunələri təhlil edərək məzmun yaradır və dolayısıyla etibarsız məlumatların sayını çoxaldır. Bu da ki ya qeyri-dəqiq nəticələrə gətirib çıxarır və qərəzli məzmun yaradır, ya da mürəkkəb və ciddi məsələləri həddən artıq sadələşdirilir.
2025-ci ildə də jurnalistlərin şirkətlər tərəfindən süni zəka alətləri vasitəsilə yaradılmış məlumat və çıxış mətnlərinə şübhə və ehtiyatla ilə yanaşması tendensiyası davam edəcək.
Çünki süni zəka tərəfindən hazırlanmış məlumat və sitatların dərc edilməsi jurnalistlərin nüfuzunu təhlükə altına ala bilər və hətta işlərinin itirilməsi ilə nəticələnə bilər.
Tanınmış jurnalist Rosi Teylor (Rosie Taylor) X platformasında bu mövzuya dair narahatlıqlarını paylaşıb. Onun sözlərinə görə, son vaxtlar jurnalistlərin sorğularına cavablar dərhal göndərilir və bu baytlar (rəqəmli informasiyanın saxlanması və emal olunması vahidi) süni zəka vasitəsilə hazırlanır. Buna görə də jurnalistlər PR komandaları tərəfindən göndərilən ilk səsli cavaba məhəl qoymurlar. Teylorun diqqət çəkdiyi digər məqamlar şirkətlərdən daxil olan məlumatlarda onlayn mövcud olmayan mənbələrdən və ictimaiyyətlə əlaqələrdən sitatların, jurnalist sorğusuna cavab verməyən ümumiləşdirilmiş sitatlar, ictimaiyyətlə əlaqələrdəki mənbə və ya göstərilmiş mənbə ilə telefon əlaqəsinin qurula bilməməsidir.
Süni zəkanın "yazdığı" PR yazıları
Mətn, şəkil və ya digər media məhsul yarada bilən süni zəka alətləri getdikcə daha çox ictimaiyyətlə əlaqələrə, xüsusən də trendlərin təhlili və mətnlərin yazılması kimi tapşırıqların ən yaxşı formada hazırlanması üçün sıx-sıx istifadə olunur.
Burada əsas məsələ süni zəkanın faydaları və PR mütəxəssislərinin görməli olduqları işlər arasında balansın yaradılmasıdır.
Məsələn, süni zəka PR-da iş axını prosesini daha səmərəli etmək və gündəlik tapşırıqları yerinə yetirmək üçün güclü və sürətli köməkçi ola bilər.
Hansısa bir tapşırıq üçün şablonu ən qısa zamanda müəyyənləşdirmək və paylaşmaq, ilkin qaralama variantı yaratmaq, sorğu və yeni ideyaların hazırlanmasını asanlaşdırmaq, hər hansı bir təklif planını yazmaq, sənədləri arxivləşdirilmək, əlavə məlumatı təqdim etmək, xəbərin inkişafını izləmək və son xəbərləri müəyyən etmək üçün olduqca faydalıdır.
NewsGuard-ın ötən il apardığı araşdırmalara görə, süni intellekt tez-tez etibarsız məlumatlar yaradır, jurnalistlərin sorğularına verilən cavabların təxminən 18%-də səhvlər olur və 38%-də bu məlumatlar düzəldilməmiş göndərilir.
Lakin PR mütəxəssislər ictimaiyyət üçün açıqlanacaq ciddi məlumatların hazırlanmasında canlı insanın idrakını təqlid edən bir vasitəyə tam etibar etməməlidir. Bu səhvə yol verdikdə, PR mütəxəssisin “tənbəllik vərdişi” uğursuz PR kampaniyalardan tutmuş media ilə pisləşən münasibətlərə qədər apara bilər.
Bir sözlə, süni zəka hər iki tərəfə - həm PR mütəxəssislərə, həm də media nümayəndələrinə tam kömək etməkdə çətinlik çəkir.
Klassik xəbər yazma qaydalarına uyğun olaraq, media nümayəndələri öz yazıları üçün sitatlar, real vaxt, anlayışlar və ya digər dəqiqləşdirici, praktiki və kontekst baxımından zəngin məlumatlar axtarırlar. Süni zəka isə bunları təmin etməkdə, yenilikçi perspektivlər təklif etməkdə, unikal baxış bucaqları yaratmaqda birmənalı olaraq çətinlik çəkir. Digər tərəfdən, süni zəka PR mütəxəssislərinə ictimaiyyət üçün nəzərdə tutulmuş mətnlərin hazırlanmasına kömək etmək əvəzinə, onlar üçün limitli, səthi və nüfuzlu kontekstdən məhrum olan, məzmun istehsal edir. Dərinlik, dəqiqlik və nüanslar olmadan bu cür məlumatlar media nümayəndələrinin işinə kömək etmir, əksinə şirkətin ictimaiyyətə çatdırılacaq məlumatının daha geniş yayılmasını əngəlləyir və bəzən heç vaxt dərc edilmir.
Bir sözlə, hər nə qədər süni zəka alətləri inkişaf etsə də, dəqiqliyə nail olmaq üçün uzun bir yol qət edilməlidir. Buna qədər isə, PR mütəxəssislər media əlaqələrində mükəmməl və ya ona yaxın açıqlamalar hazırlamaq üçün öz beyninə, öz təcrübəsinə və öz mülahizələrinə etibar etməlidir.
Problemə bu cür yanaşmanın formalaşdırılması zəruridir. Niyə? Çünki yalnız belə olduğu halda yaxın gələcəkdə PR mütəxəssisləri dezinformasiyanın yayılması riskini azalda bilər, vaxtında ictimaiyyəti lazımi məlumatlar ilə təmin edə bilər, etibarlılığı və etibarı qoruya bilər, süni zəkanın PR-ı deyil, süni zəkanı PR-da idarə edə bilər.
Məqalənin müəllifi: Günel Əhmədova
Strateji kommunikasiya və media üzrə ekspert, təlimçi