SOSİUM

30 Oktyabr

COP29: Nepal Prezidenti Bakıda COP29-da iştirak edəcək; hazırlıqlar sürətlə davam edir və ABB əsas tərəfdaş bankı seçilib

Prezidenti Ram Çandra Paudel Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Nepalı təmsil edəcək.

Fins.az xəbər verir ki, bunu Nepalın meşə təsərrüfatı və ətraf mühit naziri Ayna Bahadur Şahi Takuri (Aina Bahadur Shahi Thakuri) brifinq zamanı deyib.

Nazir vurğulayıb ki, COP29-da yüksək səviyyəli nümayəndə heyətinin iştirakı Nepalın beynəlxalq müstəvidə iqlim dəyişiklikləri probleminin həllinə bağlılığını əks etdirir.

Nazirlikdə keçirilən mətbuat konfransında o, COP29-a hazırlıq çərçivəsində hökumətin geniş miqyasda aparılan hazırlıqları, o cümlədən, infrastrukturun inkişafı, milli komitələrin yaradılması və siyasət rəhbərliyinin hazırlanması barədə məlumat verib.

Nepalın proqramı dağlıq bölgələrdə bioloji müxtəlifliyin qorunmasına, təbii fəlakətlərlə mübarizəyə və iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsinə yönələcək, eyni zamanda, nazirlik iqlim dəyişikliyinə uyğunlaşma fondunun aparıcı təsisatı olaraq təyin ediləcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

* * *

COP29-un təyin olunmuş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kolumbiyada BMT-nin Bioloji Müxtəliflik Konvensiyasına (COP16) Tərəflərin 16-cı Konfransı çərçivəsində Qırğızıstanın ətraf mühit məsələləri üzrə xüsusi nümayəndəsi Dinara Amanturovna ilə görüş keçirib.

Fins.az xəbər verir ki, bu barədə məlumat COP29-un “X” sosial media hesabında paylaşılıb.

Görüş zamanı tərəflər, Mərkəzi Asiyada iqlimə davamlılığın gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsinin ortaq bir öhdəlik olaraq qaldığını vurğulayıb.

* * *

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, Meksika Mühəndis Həmkarlar İttifaqı Milli Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə məruzəçi qismində çıxış edib.

Fins.az-ın məlumatına görə, Meksikanın ətraf mühit naziri Alisia Barsenanın iştirak etdiyi tədbirdə səfir, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı - COP29-a ev sahibi seçilməsindən qürur duyduğunu bildirib. Bu qərarın Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə milli, regional və qlobal səviyyədəki səylərinə verilən yüksək qiymət olduğunu vurğulayıb.

Diplomat Azərbaycanın yaşıl inkişafı əsas prioritet kimi qəbul etdiyini, cari ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan etdiyini və ölkənin yaşıl enerjiyə keçiddə regional lider mövqeyini qoruduğunu qeyd edib. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ağıllı şəhərlər və kəndlərin yaradılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, eləcə də Naxçıvanın 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin enerji balansında bərpa olunan enerjinin payının ən azı 30%-ə çatdırılmasının hədəfləndiyini bildirib.

* * *

COP29-a hazırlıqlar ara verilmədən davam edir.

Fins.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

“11-22 noyabr tarixlərində bütün dünyanın diqqət mərkəzində olacağı COP29 konfransına 13 gün qaldı. Ev sahibliyi etdiyimiz bu qlobal tədbirin keçiriləcəyi məkanın hazırlanması cəmi 9 ay çəkdi və biz artıq bütün qonaqlarımızı Bakıda qarşılamağa hazırıq.

COP29 həyəcanını birlikdə yaşayaq!”, - deyə Əməliyyat Şirkətinin rəsmi “İnstagram” səhifəsindəki paylaşımda deyilir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

* * *

Azərbaycanın ən iri maliyyə qurumlarından biri olan Azərbaycan Beynəlxalq Bankı (ABB) COP29-un əsas tərəfdaş bankı seçilib. Bu, COP29 Azərbaycan Əməliyyat Şirkətinin maliyyə sektorunda dayanıqlı təcrübələrin təşviqini bir daha ön plana çıxarır. Baş ofisi Bakı şəhərində yerləşən və Azərbaycan Respublikası üzrə 84 filialı olan ABB 2,6 milyondan çox müştəriyə xidmət göstərir. Azərbaycan Beynəlxalq Bankı Cənubi Qafqaz regionunda aparıcı banklardan biridir.

Azərbaycan Beynəlxalq Bankı BMT-nin korporativ sosial məsuliyyəti və dayanıqlı inkişaf prinsiplərini təşviq edən Qlobal sazişini imzalamaqla iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirmişdir. Sözügedən sazişin üzvü kimi, Azərbaycan Beynəlxalq Bankı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarını dəstəkləyir. ABB həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi olan Yaşıl İqlim Fondunun akkreditasiyası prosesinə də start verib.

Məlum olduğu kimi, bu il COP29-un gündəliyində duran əsas məsələlərdən biri də iqlim maliyyəsidir. Buna görə də, Azərbaycan Beynəlxalq Bankı iqlim maliyyəsi üzrə boşluğun aradan qaldırılmasında öz mühüm rolunu təsdiqləmək üçün bu platformadan COP29-un rəsmi tərəfdaşı qismində istifadə etmək niyyətindədir. Belə ki, bank dayanıqlı kreditlər üzrə 100 milyon AZN-dən çox vəsait toplayaraq dəyəri yüz milyonlarla manat olan layihə portfeli formalaşdırmağa müvəffəq olub. Hazırda bu vəsaitlər bərpa olunan enerji, yaşıl infrastruktur və dayanıqlı texnologiyalar üzrə layihələrə yönəldilir.

COP29 ilə builki tərəfdaşlıq Azərbaycan Beynəlxalq Bankının dayanıqlı inkişaf və resurslardan rasional istifadəyə yönəlmiş ambisiyalarını əks etdirir.

Tədbir çərçivəsində yaradılan imkandan istifadə etməklə, COP29-un rəsmi tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində də dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər həm ekoloji siyasətlərin tətbiqində, həm də 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu bərabər şəkildə nümayiş etdirə biləcək.

COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlim yönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar və qarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirəcək. Həmçinin, iştirakçı şirkətlər daha geniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclas otaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edə biləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ABB-nin əsas tərəfdaş bank elan edilməsi ilə bağlı bunları bildirib: “Mən böyük məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib. İqlim maliyyəsi COP29-da prioritet məsələlərdən biridir və buna görə də Azərbaycan Beynəlxalq Bankı digər tərəfdaşlarımızla birgə bu mühüm mövzuda müzakirələr aparmaq, eləcə də maliyyə və investisiya sektorlarını təmsil edən maraqlı tərəfləri bir araya gətirmək baxımından mühüm rol oynayır.”

COP29 ilə tərəfdaşlığı elan edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov da öz növbəsində qeyd edib: “COP29-un əsas tərəfdaş bankı kimi, ABB iqlim maliyyəsi sahəsində mövcud olan boşluğu aradan qaldırmaq öhdəliyini daha da gücləndirir. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil – bu, sosial-iqtisadi sabitliyimiz üçün də təhlükə yaradan aktual reallıqdır. Bu problemin öhdəsindən gəlmək üçün bank sektoru qabaqlayıcı addımlar atmalıdır. COP29 çərçivəsində əldə olunan ətraflı məlumatlar və qurulan tərəfdaşlıq əlaqələri sayəsində biz heç vaxt olmadığı qədər ekoloji, sosial və iqtisadi dayanıqlılığı inkişaf etdirmək əzmindəyik. Biz iş dünyası, cəmiyyət və planetimizi harmonik şəkildə birləşdirən iqtisadi model quraraq davamlı gələcək yarada bilərik!”

Daha ətraflı məlumat: [email protected]

Yaşıl Zona haqqında daha ətraflı məlumat: COP29 Green Zone | 11 - 22 November 2024

COP29-un Yaşıl Zona komandası ilə əlaqə: [email protected]

Yaşıl Zona proqramı haqqında daha ətraflı məlumat: [email protected]

* * *

Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu – COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq.

Fins.az xəbər verir ki, bununla da Azərbaycan və Türkiyənin iki fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirəcək.

COP29-da Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, QHT-lər, media nümayəndələri və Mavi Zonanın rəsmi nümayəndələrini əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır.

Heydər Əliyev Fondu və Sıfır Atık Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə verərkən davamlı həllər yaratmağı da hədəfləyir. COP29-dakı birgə layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkir.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə rəğbətlə qarşılanır. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət təqdim olunacaq. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılacaq.

Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edəcək.

* * *

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu məqsədlə cari ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.

"Təsdiq olunmuş Tədbirlər Planı üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilir, maarifləndirmə, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi, habelə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər istiqamətlərdə zəruri tədbirlər görülür.

COP29-a hazırlıqla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə mütəmadi olaraq müşavirələr keçirilir, görülmüş işlərə dair Qərargah üzvlərinin hesabatları təqdim olunaraq geniş müzakirəsi aparılır, aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair zəruri tapşırıqlar verilir, icrası nəzarətə götürülür", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən işlərin böyük hissəsi yerinə yetirilib.