SOSİUM

30 Oktyabr

Biomühəndislik iqlim dəyişikliyinin qarşısını almağa necə kömək edə bilər? - Elvin Abbasov

İqlim dəyişikliyi, müasir dövrün ən ciddi problemlərindən biridir və bu problemlə mübarizədə yeni yanaşmaların tətbiqi zəruridir.

Bu barədə Fins.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov, biomühəndisliyin inkişafının iqlim dəyişikliyi ilə mübarizədəki rolunu qeyd edib.

O, bildirib ki, bu gün bir çox sahədə, xüsusilə tibb və mühəndislik sahələrində, texnologiyanın inkişafında biomühəndisliyin birbaşa rolu vardır:

“Biomühəndislik, bioloji sistemlərin və proseslərin mühəndislik prinsipləri ilə birləşdirilməsi ilə yeni texnologiyaların inkişafına imkan tanıyır. Biomühəndislik sahəsinin inkişafı yeni və minimalizə olunmuş texnologiyaların yaranmasına mühüm töhfə verir. Bu texnologiyalar, iqlim dəyişikliyinin səbəb olduğu problemləri azaltmağa və ekoloji tarazlığı bərpa etməyə kömək edə bilər. Bundan əlavə, biomühəndisliyin inkişafı ilə ekoloji mühitə daha az təsir edəcək cihazların və yeni yanaşmaların meydana gəlməsi gözlənilir. Həmçinin, biomühəndislik sahəsi irəlilədikcə ekoloji mühitə daha az təsir edəcək cihazlar və digər sahələrdə yeniliklərin meydana gəlməsi gözlənilir. Bu cür innovasiyalar, ətraf mühitin mühafizəsi və davamlı inkişaf məqsədilə əhəmiyyətli bir rol oynayır”.

Fuad Mədətov
Fins.az