SOSİUM

29 Oktyabr

COP29: UNEP COP29 imkanlarını aktivləşdirməyə çağırır; əqli mülkiyyət və innovasiyalar müzakirə ediləcək

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen noyabrda Bakıda keçiriləcək COP29 sammitində iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətləri indidən aktivləşdirmək üçün imkanlardan istifadə etməyə çağırır.

Onun sözləri UNEP-in 2024-cü il üzrə hesabatında yer alıb.

“Ona görə də mən bütün ölkələrə səslənirəm: Fəaliyyəti gücləndirmək, emissiyaların azaldılması üzrə daha sərt milli öhdəliklər (NDC) üçün zəmin yaratmaq məqsədilə Bakıda keçiriləcək COP29-dan istifadə edin və daha sonra 2030-cu ilə qədər 1,5°C hədəfinə çatmaq üçün səy göstərin. Ne qədər tez aşağı karbon, dayanıqlı və firavan gələcək üçün tədbirlər görsək, o qədər də tez ona nail ola bilərik ki, bu da həyatları xilas edəcək, xərcləri azaldacaq və hamımızın asılı olduğu planetar sistemləri qoruyacaq”, – o qeyd edib.

İ.Andersen vurğulayıb ki, ölkələr indi fəaliyyəti sürətləndirməli, ambisiyaların miqyaslı şəkildə artırıldığını nümayiş etdirməli və sonra bunu siyasət və konkret tədbirlər vasitəsilə təcili şəkildə həyata keçirməlidir.

“Əgər bunu etməsələr, Paris Sazişinin qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq məqsədi bir neçə il ərzində həyata keçirilməyəcək, 2°C öz yerini alacaq. UNEP hesabatı göstərir ki, ölkələr daha yüksək hədəflərə yönəlməlidirlər. 1,5°C-yə ən aşağı xərclərlə nail olmaq üçün, emissiyalar 2030-cu ilə qədər 2019-cu illə müqayisədə 42 faiz azalmalıdır. 2°C üçün emissiyalar 2030-cu ilədək 28 faiz azaldılmalıdır. 2030-dan sonra, NDC-lərə daxil ediləcək növbəti meyar olan 2035-ci il üçün emissiyalar 1,5°C üçün 57 faiz, 2°C üçün isə 37 faiz azaldılmalıdır”, – icraçı direktor izah edib.

İ.Andersen əlavə edib ki, istixana qazı emissiyaları 2023-cü ildə 57,1 giqaton karbon dioksid ekvivalenti səviyyəsində yeni tarixi maksimuma çatdığı üçün emissiyaların daha yüksək həcmdə azalması tələb olunur: qlobal istiləşməni 1,5°C-də saxlamaq üçün 2035-ci ilə qədər emissiyalar illik 7,5 faiz azaldılmalıdır.

“Mövcud öhdəliklər lazım olan səviyyələrdən uzaqdır, bu da bizi bu əsrdə ən yaxşı halda 2,6°C qlobal istiləşmə ssenarisinə gətirir və gələcəkdə karbon dioksidin atmosferdən çıxarılması üçün baha başa gələn genişmiqyaslı tədbirlər tələb edir. Lakin bu hesabat göstərir ki, texniki cəhətdən 1,5°C istiləşmə səviyyəsinə yönəlmək imkanı var.

Günəş və külək enerjisi texnologiyalarının geniş istifadəsi 2030-cu ilədək emissiyaların ümumi azaldılması potensialının 27 faizini, 2035-ci ilədək isə 38 faizini təmin edə bilər. Digər perspektivli tədbirlər isə effektivliyin artırılması, elektrikləşmə və tikinti, nəqliyyat və sənaye sektorlarında alternativ yanacaqlara keçid edilməsi hesab olunur”, – icraçı direktor bildirib.

O, məqsədlərə nail olmaq üçün ümumdövlət yanaşması, sosial-iqtisadi və ekoloji faydaları maksimum dərəcədə artıran tədbirlərin görülməsi, təsirlərin azaldılmasına investisiya qoyuluşunun ən azı 6 dəfə artırılması — qlobal maliyyə arxitekturasının islahatlarının və özəl sektorun aktiv fəaliyyətinin dəstəyi ilə — lazım olduğunu qeyd edib.

İ.Andersen vurğulayıb ki, ən böyük emissiya həcmlərinə görə məsuliyyət daşıyan G20 üzvləri qlobal iqtisadiyyatda hakim mövqeyə malik olduqları üçün əsas yükü daşımalı olacaqlar.

“Əslində, mahiyyət etibarilə əvvəllər heç vaxt görülməmiş miqyasda və tempdə qlobal səfərbərliyə ehtiyac olacaq. Bir çoxları bunu mümkün hesab etməyəcək. Lakin yalnız imkan məsələsinə fokuslanmaq — ən vacib nöqtəni itirmək deməkdir: karbon neytral iqtisadiyyata keçid baş verməlidir bu qlobal çevrilmə nə qədər tez başlasa, bir o qədər yaxşıdır. Qarşısını almaq mümkün olan hər dərəcə iqtisadiyyatı qorumaq, ziyanın qarşısını almaq, biomüxtəlifliyi qorumaq və temperatur artımını tez bir zamanda azaltma imkanını yaratmaq baxımından önəmlidir”, – o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

* * *

2024-cü il 30 oktyabr tarixində Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində təşkil olunan dəyirmi masa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçvəsində təşkil olunur.

Tədbirdə ölkəmizin rəsmi dövlət nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, dövlət və ictimai təşkilatların əməkdaşlarının iştirakı gözlənilir.

Dəyirmi masada mövzu ilə bağlı bir sıra maraqlı çıxışlar nəzərdə tutulur.