SOSİUM

28 Oktyabr

Ekofəallar və ekoloji təşkilatlar hansı çətinliklərlə üzləşirlər? - Elçin Bayramlı

Qlobal iqlim dəyişikliyinin artması ilə bərabər, ekoloji fəlakətlərin də sayı və təsiri artır. Son dövrlərdə bu cür fəlakətlərin sıxlığı, gücü və yayılması artmaqdadır. Belə fəlakətlərin bir çoxu insan fəaliyyətinin nəticəsi olaraq meydana gəlir, lakin insanlar bu proseslərə təsir göstərə bilmir.

Bu barədə Fins.az-a sosioloq Elçin Bayramlı məlumat verib. Onun sözlərinə görə, sivil ölkələrdə ekofəallar və ekoloji təşkilatlar bu məsələlərə etiraz etməyə çalışsalar da, dövlətlər açıq şəkildə müxtəlif beynəlxalq protokolları dəyişdirmirlər.

E.Bayramlı, qlobal kapitalizm sisteminin bu fəlakətlərin arxasında durduğunu vurğulayır:

“Kapitalist sənayesi dünyanı məhv edir, açıq şəkildə bunun qarşısını almağa heç bir güc yoxdur. Dövlətlərin ekoloji siyasətləri dəyişdirməməsinin səbəbi isə iqtisadiyyatın daha vacib sayılmasıdır. İnsanların sağlamlığından daha önəmli olan, sənayenin dayanmadan artmasıdır”.

Sosioloq bildirib ki, iqlim dəyişikliyinin insan hüquqları ilə əlaqəsi əhəmiyyətlidir:

“Hər hansı bir dövlət, təbii fəlakətlərdən zərər çəkən vətəndaşlarının zərərlərini tam kompensasiya etməlidir. Bu, dövlətlərin məsuliyyətini artırır və ədalətin təmin olunmasına yönəlir. Ekoloji fəlakətlərin artması, insanların yaşam şəraitini ağırlaşdırır ki, bu da sosial problemlərin dərinləşməsinə səbəb olur”.

E.Bayramlı əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və sosial ədaləti təmin etmək üçün daha qlobal yanaşmalara ehtiyac vardır: “Dünyanın bütün sistemi dəyişməlidir, kapitalizm məhv olmalıdır, yeni bir insanlıq sistemi qurulmalıdır. Bu, yalnız ekoloji fəlakətlərin qarşısını almaqla kifayətlənməməli, həm də insan hüquqlarının təmin edilməsinə yönəlməlidir”.

Fuad Mədətov
Fins.az