SOSİUM

25 Oktyabr

Jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi baş tutub

24 oktyabr 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təliminin buraxılış mərasimi baş tutub.

Fins.az xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının rəhbər və nümayəndə heyəti, “bootcamp”ın məzunları, eləcə də digər media nüməyəndələri iştirak edib.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri İnarə Vəliyeva, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli , Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Media ilə iş üzrə baş meneceri Tural İbadlı və digər rəsmilər çıxış edib.

Tədbirin davamında məzun olmuş 37 iştirakçıya rəsmilər tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

Qeyd edək ki, jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təlim proqramları 2 ay ərzində iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin  mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir. Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən  rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib.