SOSİUM

11 Oktyabr

Dəniz suyunu içmək mümkün olacaq

Bakı şəhəri və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonuna qədər başlanılması planlaşdırılır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da bu məqsəd əksini tapıb.

Fins.az xəbər verir ki, 2024−2027-ci illər ərzində həyata keçiriləcək tədbirlər planı çərçivəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq, layihə sənədlərinin hazırlanması və dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin icrası nəzərdə tutulur.

Sənəd, eyni zamanda, yüksək minerallaşmış yeraltı suların təmizlənməsi, kəhrizlərin sayının artırılması, tullantı sularının emalı və yağış sularının idarə olunması kimi sahələrdə də müvafiq tədbirləri əhatə edir.

Hazırda, Azərbaycanın əhalisi üçün içməli suya olan tələb 28,4 kubmetr/saniyə (894 milyon kubmetr/il) təşkil edir. Lakin faktiki olaraq, mərkəzləşdirilmiş xidmət göstərilən ərazilərə 21 kubmetr/saniyə (662 milyon kubmetr/il) su verilir. Su itkiləri 37% (7,77 kubmetr/saniyə) təşkil etdiyi üçün əhalinin istehlakına yalnız 13,23 kubmetr/saniyə su sərf olunur ki, bu da normativ tələblərdən 53,5% (15,2 kubmetr/saniyə) azdır.
 

Zemfira Ms
Fins.az