İndiki dövrdə texnologiyanın sürətli inkişafı ilə yanaşı, süni intellektin istifadəsi də genişlənir. Məlum olduğu kimi, indiki dövr texnologiya dövrüdür. Süni intellektin texnologiya ilə birləşməsi yeni bir müstəviyə keçid yaradıb.
Bunu Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib.
Onun sözlərinə görə, bu yeni yanaşma, iqlim dəyişikliyinin izlənməsi və proqnozlaşdırılmasında mühüm rol oynayır:
“İqlim dəyişikliyinə təsir edən bir çox texnologiyalar, artıq süni intellektlə inteqrasiya olunub. Bu inteqrasiya, əldə edilən məlumatların daha effektiv analiz edilməsinə imkan tanıyır”.
E.Abbasov qeyd edib ki, texnologiya vasitəsilə sensorlar ilə toplanan bütün məlumatları süni intellektlə analiz edərək, proqnozlaşdırma və monitorinq sistemləri yaratmağı mümkün edir:
“Bu cür sistemlər, müasir iqlim dəyişikliyi məsələlərini daha effektiv şəkildə həll etməyə kömək edir. Süni intellektin tətbiqi, iqlim dəyişikliyi ilə mübarizədə yeni imkanlar açır və ekosistemlərin qorunmasında vacib bir alətə çevrilir”.
Fuad Mədətov
Fins.az