Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.
Fins.az xəbər verir ki, bu barədə AİB-dən bildirilib. Məlumuta görə, həmin şəxs Sunniya Durrani-Camalıdır.
O, bu gün ADB-nin Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla ADB-də çalışıb. O, Bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.
Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, ADB-nin Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni
icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edib.
* * *
Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb.
Fins.az xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edirlər.
Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.
Seminar, əsasən, müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.
Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.
Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.
Seminar oktyabrın 12-dək davam edəcək.