SOSİUM

30 Sentyabr

GÜNDƏM: Cəbrayıla növbəti köç karvanı yola salındı, Bakı metrosunda texniki problem yaşandı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Fins.az xəbər verir ki, bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.

* * *

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb".

Fins.az xəbər verir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Normativ tələblərə əsasən, təkrar yoxlama aparılmalı olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem aşkarlanmadığından, qatar "Nərimanov" stansiyasından sərnişinlərlə birlikdə hərəkətini davam etdirib. Bu səbəbdən, intervaldan əlavə 4 dəqiqəlik gecikmə baş verib. Yaranmış yubanmalar isə xəttə ehtiyat qatar buraxılmaqla qısa müddətdə aradan qaldırılacaq.

Sərnişinlərdən xahiş edirik ki, vaqon qapılarına müdaxilə etməsinlər, çünki bu, ümumi gecikmələrə səbəb olaraq, sərnişinlərin mənzil başına vaxtında çatmasına və stansiyalarda sıxlığın artmasına yol açır," - deyə Məmmədov vurğulayıb.