İnformasiya texnologiyaları və rəqəmsal həllər son illərdə iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir vasitə halına gəlib.
Bu barədə Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib və rəqəmsal texnologiyaların iqlim dəyişikliyinin monitorinqi və proqnozlaşdırılmasında oynadığı vacib rolu vurğulayıb:
"Rəqəmsal texnologiyaların iqlim dəyişikliyinin monitorinqi və proqnozlaşdırılması mövzusu mühüm əhəmiyyət daşıyır. Texnologiyalar ekologiya, kənd təsərrüfatı, meteorologiya və digər sahələrdə geniş tətbiq olunur. İnformasiya texnologiyalarının istifadəsi iqlim dəyişikliyinə təsir edən faktorların izlənməsi və proqnozlaşdırılmasında əsas rol oynayır."
İqlim dəyişikliklərini izləmək və öncədən proqnozlaşdırmaq, gələcəkdə bu proseslərin yaratdığı fəsadlara qarşı müvafiq tədbirlər görmək üçün olduqca vacibdir. Texnoloji inkişaflar sayəsində, ölkələr iqlim dəyişikliyinə qarşı qabaqlayıcı strategiyalar hazırlaya və daha dəqiq məlumatlar əsasında siyasətlər yürüdə bilirlər.
E.Abbasov bildirib ki, rəqəmsal həllər ekosistemlərin monitorinqi və təhlilində böyük üstünlüklər yaradır:
"Bu texnologiyalar sayəsində iqlim dəyişikliklərini öncədən proqnozlaşdırmaq və qabaqlayıcı tədbirlər həyata keçirmək mümkün olur."
İnkişaf edən texnologiyalar təkcə iqlim dəyişikliyinin təsirlərini izləməklə kifayətlənmir, eyni zamanda kənd təsərrüfatı, ekologiya və meteorologiya kimi sahələrdə proseslərin optimallaşdırılmasına da imkan verir. Bu texnoloji həllər, həmçinin, məhsuldarlığı artırmaq, resurslardan daha səmərəli istifadə etmək və iqlim dəyişikliklərinə uyğunlaşmanı asanlaşdırmaq üçün tətbiq olunur.
Fuad Mədətov
Fins.az