2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov sentyabrın 20-də Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Cəlilabad rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən texnika ilə təminat, subsidiya ödənişləri və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
İdarə Heyətinin sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, həmçinin dağ yerlərindəki əkin sahələrinin biçilməsi üçün ölkəyə gətirilən dağ kombaynlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Mehman Veysəlov Cəlilabad rayonunda Göytəpə kəndində çiyələk təsərrüfatına baş çəkib, təsərrüfatın fəaliyyəti, görülən işlərlə tanış olub. Görüşdə bu kimi təsərrüfatların inkişaf etdirilməsi, çiyələk sahələrinə düzgün aqrotexniki qulluq edilməsi, intensiv təsərrüfatların genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Zemfira Ms
Fins.az