İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün texnoloji həllər böyük əhəmiyyət daşıyır.
Bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov Fins.az-a açıqlamasında bildirib. O, ağıllı şəhər və kənd konsepsiyalarının iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu vurğulayıb.
Onun sözlərinə görə, bu texnologiyalar həm şəhər, həm də kənd mühitlərində fərqli yanaşmalarla tətbiq edilir və iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllində əhəmiyyətli təsir göstərir:
"Ağıllı şəhər konsepsiyası və ağıllı kənd konsepsiyası bir-birindən fərqlənir. Ağıllı şəhərlərdə alternativ enerjidən istifadə və təbiətə ziyanverici faktorları azaltmağa yönəlmiş texnologiyalar tətbiq olunur. Bu texnologiyaların məqsədi şəhərlərdə enerji istehlakını azaltmaq, daha təmiz və səmərəli enerji mənbələrindən istifadə etməklə ətraf mühitə zərəri minimuma endirməkdir. Alternativ enerji mənbələri, elektrik nəqliyyat vasitələri və ağıllı şəbəkələr kimi həllər, şəhərlərin karbon izini azaltmaq üçün mühüm vasitələrdən biridir”.
Ağıllı kənd texnologiyaları ilə bağlı E.Abbasov qeyd edib ki, ağıllı kəndlərdə fermerlə torpaq arasındakı münasibətlərdə məhsuldarlığın artırılması, gəlirlərin yüksəldilməsi və ziyanların azalması üçün müasir texnologiyalardan istifadə edilir:
“Bu yanaşma, kənd təsərrüfatında daha səmərəli metodların tətbiqinə şərait yaradır. Abbasovun fikrincə, müasir texnologiyalar kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırır, resursların daha səmərəli istifadəsinə imkan verir və ətraf mühitin qorunmasına töhfə verir”.
Ekspert onu da əlavə edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi təsir göstərir:
“Məhsulların iqlim dəyişikliyindən minimum təsirlənməsi üçün düzgün proqnozlar verilməsi və məhsuldarlığın artırılması xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikliyinə uyğunlaşma üçün texnoloji həllər, daha dəqiq hava proqnozları ilə birlikdə, əkinçilikdə riskləri azaldır və məhsuldarlığı artırır. Bununla bağlı texnologiyalar kənd təsərrüfatında resursların düzgün idarə olunmasına, məhsul itkilərinin azalmasına və kənd yerlərinin davamlı inkişafına xidmət edir”.
E.Abbasovun sözlərinə görə, ağıllı şəhər və kənd texnologiyaları iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli rol oynayır:
“Şəhərlərdə alternativ enerji mənbələrinin tətbiqi və kənd təsərrüfatında daha dəqiq texnologiyaların istifadəsi ətraf mühitə təsirləri minimuma endirməklə yanaşı, davamlı inkişafı təmin edir. Bu texnoloji həllər kənd təsərrüfatına mühüm töhfələr verir və bu, birbaşa iqlim dəyişikliyi ilə əlaqəlidir. Bu texnoloji irəliləyişlər, gələcəkdə iqlimə davamlı infrastrukturun yaradılmasında mühüm rol oynaya bilər”.
Fuad Mədətov
Fins.az