SOSİUM

18 Sentyabr

Yüksək texnologiyalarla insan həyatının qorunması: Rəqəmsallaşmanın ekoloji təsiri

İqlim dəyişikliyinə qarşı mübarizədə yüksək texnologiyalar mühüm rol oynayır. Rəqəmsallaşma və yeni texnologiyalar kağızsız sistemlərin tətbiqi, kənd təsərrüfatında dəqiq iqlim proqnozları və təbii fəlakətlərin proqnozlaşdırılması kimi sahələrdə əhəmiyyətli təsir göstərir. Bu texnoloji irəliləyişlər, ətraf mühitin qorunması və resursların daha səmərəli istifadəsi baxımından vacibdir.

Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov Fins.az-a açıqlamasında yüksək texnologiyaların iqlim dəyişikliyinin azaldılmasındakı rolunu müxtəlif istiqamətlərdən analiz edərək danışıb.

Onun sözlərinə görə, bu texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. O bildirib ki, yüksək texnologiyaların iqlim dəyişikliyinə təsirini sənəd dövriyyələrində kağızsız sistemlərin tətbiqi ilə əlaqələdir:

"Rəqəmsallaşma artıq kağız istifadəsini azaldır; bir çox sənəd dövriyyəsi, maliyyə əməliyyatları və hətta müqavilələr elektron müstəvidə həyata keçirilir, bu isə təbiətə ziyan vurmanın qarşısını alır. Elektron sənəd dövriyyəsi ilə kağız istehsalının azaldılması, resursların daha səmərəli istifadəsini təmin edir və ətraf mühitə təsirin minimallaşdırılmasına kömək edir”.

Ekspert, kənd təsərrüfatında iqlim proqnozlarının dəqiqləşdirilməsində istifadə olunan yeni texnologiyaların əhəmiyyətini vurğulayıb:

"Bu texnologiyalar, əkinçilikdə daha dəqiq proqnozlar verməyə və nəticədə resursların daha səmərəli istifadəsinə imkan tanıyır. Kənd təsərrüfatında iqlim proqnozlarının dəqiq olması, torpaq və su resurslarının optimal istifadə edilməsi ilə əlaqədar olan əkinçilik təcrübələrini inkişaf etdirir, bununla da təbii resursların qorunmasına kömək edir”.

E.Abbasov onu da qeyd edib ki, qabaqcıl texnologiyalar təbii fəlakətlərin, məsələn, zəlzələlərin proqnozlaşdırılması və ona görə qabaqlayıcı tədbirlərin görülməsi üçün də istifadə olunur:

"Eyni zamanda, qabaqcıl texnologiyalar təbii fəlakətlərin, məsələn, zəlzələlərin proqnozlaşdırılması və ona görə qabaqlayıcı tədbirlərin görülməsi üçün də istifadə olunur. Bu cür texnologiyaların tətbiqi, insanların həyatını qorumağa və təbii fəlakətlərin təsirini azaltmağa yönəlmiş tədbirlərin effektivliyini artırır”.

O söyləyib ki, yüksək texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki rolu geniş bir spektri əhatə edir:

“Bu texnologiyaların inkişafı əhəmiyyətli dəyişikliklər gətirə bilər və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilər. Rəqəmsallaşma, dəqiq iqlim proqnozları və təbii fəlakətlərin proqnozlaşdırılması kimi sahələrdəki irəliləyişlər, ekoloji mühafizə və resursların səmərəli istifadəsi baxımından böyük potensiala malikdir”.

Fuad Mədətov
Fins.az