SOSİUM

13 Sentyabr

Bakı metropolitenində COP29-a dəstək aksiyasına teatrallaşdırılmış tamaşa ilə start verilib

Bakı metropolitenində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a dəstək məqsədilə “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsi əsasında ədəbi-bədii proqram üzrə tədbirlər silsiləsindən eyniadlı tamaşanın təqdimat gecəsi keçirilib. Layihəyə metropoliten işçilərinin azyaşlı və yeniyetmə ailə üzvləri cəlb olunub. Maarifləndirici layihənin əsas məqsədi ictimaiyyəti ekoloji mühitin təmizliyi, təbiətin qorunması, yaşıl dünya naminə fəal olmağa və töhfə verməyə səsləməkdir.

Fins.az xəbər verir ki, ssenari üzrə 6 fərqli səhnəcikdən ibarət tamaşada hər kəsə məlum, lakin mahiyyətinə diqqət edilməyən məsələlər faktlar və rəqəmlərin dili ilə təqdim edilib. Məşhur şair Hüseyn Arifin təbiətə həsr etdiyi şeirlərdən birinin beyti ilə adlandırılmış tamaşa musiqinin müşayiəti ilə Azərbaycan təbiətinin mənzərələri videogörüntüləri ilə başlanıb. Bu hissə Ulu Öndər Heydər Əliyevin ağacların qorunması ilə bağlı məşhur çıxışı ilə tamamlanıb.

Uşaqlardan birinin aparıcılığı, digərinin isə kamanda ifası ilə bir-biri ilə bağlanan tamaşanın “Ağacların söhbəti” səhnəciyində 192 saylı uşaq bağçasının dəstəyi ilə xüsusi geyimlərdə olan 10 uşaq meşəni canlandırıb. Səhnəyə daxil olan iki yeniyetmənin uşaqlarla söhbəti zamanı ağaclar bəşəriyyətə xeyirlərini faktlar və rəqəmlərlə təsvir edir. Onlar istehsal etdikləri oksigen, udduqları karbon və radiasiya, təbii mühitin qorunması naminə gördükləri digər işlərdən danışıblar.

Səhnəcikdə bütün uşaqlar tamaşanın adının özündə ehtiva etdiyi “Gəlin təbiəti biz də düşünək, O özü hər şeyi düşünən kimi” beytini xorla səsləndiriblər. Qeyd edək ki, tamaşanın bütün səhnəciklərinin finalında məhz həmin misralar səsləndirilir. Səhnəcik uşaq sevincinin təbiətlə bağlılığının rəmzi kimi uşaqlardan birinin ifasında 1956-cı ildə Musa Mirzəyevin yazdığı "Тəbiət" mahnısının sədaları altında başa çatıb.

 “Diqqət etmədiklərimiz” səhnəciyində meşədə səsləndirilmiş və hər kəsin ümumən mahiyyətini bildiyi, lakin diqqət etmədiyi faktlar canlandırılıb.

“Məhv etmə, qoru” səhnəciyi metro stansiyası fonunda bir yeniyetmənin plastik qabı yerə atması və 3 uşağın ona etirazı üzərində qurulub. Yeri zibilləməyin sağlamlığa təsiri, plastik tullantıların ekoloji ziyanı əsasında 4 uşağın ibrətamiz söhbəti bu təhlükə mənbəyinə diqqət ayırmağa səsləyir.

“Mənim atam deyir ki...” səhnəciyində metropolitençi uşaqlar valideynlərin onlara danışdıqlarını bir-biri ilə söhbət əsnasında dilə gətirərək, nəqliyyatın ekoloji mühitə vurduğu ziyanları real statistik rəqəmləri səsləndirməklə diqqətə çatdırıblar. Metropolitenin ekoloji nəqliyyat növü olmasını qeyd edən uşaqlar bununla yanaşı, bu nəqliyyat növü işçilərinin ağacəkmə, batareyaların toplanması, suya qənaət layihələri və digər aksiyalarının əhəmiyyətinin ictimai vacibliyini dilə gətiriblər.

“Təbiəti qorumasaq...” səhnəciyində uşaqlar Hüseyn Arifin təbiətin mühafizəsi, ekoloji problemlərə diqqətli olmağa səsləyən şeirlərini səsləndiriblər. Səhnəcik piano, kaman, gitara və zərb alətinin müsayiəti ilə xor ifa edən uşaqların Xalq artisti Tünzalə Ağayevanın təbiətin qorunmasına həsr olunmuş məşhur mahnısının sədaları altında başa çatıb.

“COP29-a aparan yol” səhnəciyi aparıcının uşaqları səsləməsi və COP29 haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə tamamlanıb.

ASAN Radionun yaxından iştirakı və AzTV-nin informasiya dəstəyi ilə hazırlanmış tamaşa “İçərişəhər” stansiyasında nümayiş olunacaq və bu ssenari əsasında iki dildə fləşmoblar hazırlanacaq. Geyimləri təqdim edən bağçada, habelə bir neçə digər təlim-tərbiyə və tədris müəssisəsində ssenari əsasında tamaşalar hazırlanaraq təqdim ediləcək.


Zemfira Ms
Fins.az