SOSİUM

11 Sentyabr

Məktəb ləvazimatlarının qiymət artımı: 2024-cü ildə ən çox bahalaşan məhsullar və səbəbləri

Hər il olduğu kimi, yeni tədris ilinin başlanğıcı ərəfəsində valideynlər və şagirdlər məktəb ləvazimatlarının qiymətləri ilə üz-üzə qalır. Bu il isə xüsusilə, qiymətlərdə müşahidə edilən artım, bir çox ailənin büdcəsini sarsıdır. Qiymət artımının səbəbləri, bu vəziyyətə valideynlərin reaksiyası və mümkün alternativlər haqqında danışmaq, cəmiyyətin maarifləndirilməsi və düzgün qərarlar verməsi baxımından əhəmiyyətlidir.

Fins.az xəbər verir ki, 2024-cü ildə məktəb ləvazimatlarının qiymətlərində ciddi artımlar olub ki, bunun da əsas səbəbləri müxtəlif amillərlə bağlıdır. Belə ki, son illərdə qlobal miqyasda inflyasiyanın yüksəlməsi istehsal və nəqliyyat xərclərini artırıb. Bu isə məktəb ləvazimatlarının qiymətlərinə birbaşa təsir edir. Xüsusilə pandemiyadan sonra xammal təchizatında yaşanan problemlər məktəb ləvazimatlarının istehsalında gecikmələrə və qiymət artımlarına səbəb olub. İstehsal sektorunda çalışan işçilərin əmək haqqı artımı da ləvazimatların istehsal xərclərini artıraraq, onların satış qiymətlərinə təsir edib.

Məsələn, aşağıda tərtib olunan cədvəldə məktəb ləvazimatlarının 2023 və 2024-cü il üçün təqribi ortalama qiymətləri müqayisə edilib. Bu cədvəl hər iki il arasında qiymət fərqlərini aydın şəkildə göstərir. Cədvəldə 2023 və 2024-cü illər arasında qiymətlərin necə dəyişdiyini və artım faizlərini təqdim olunub. Hər bir məhsul üzrə qiymət artımının faizini göstərərək, ən çox bahalaşan məhsulları asanlıqla müəyyən etmək olur. Faiz dəyişiklikləri həm minimum, həm də maksimum qiymətlər əsasında hesablanıb ki, bu da qiymət artımının təsirini daha dəqiq əks etdirir.

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri bu artımların səbəbləri və nəticələri barədə Fins.az-a mühüm açıqlamalar verərək bildirib ki, yeni tədris ilinin başlaması ilə bağlı hazırlıqlar valideynlər və şagirdlər üçün çox vaxt stresli bir dönəmə çevrilir.

Onun sözlərinə  görə, əsasən məktəb ləvazimatlarının qiymətlərində müşahidə olunan artım, valideynlərin narahatlığını daha da artırır:

“Artıq bir neçə ildir ki, məktəb ləvazimatlarının qiymətlərində davamlı artım müşahidə olunur. Qiymətlərin azalmasından söhbət belə gedə bilməz, Əksinə, ən yaxşı halda qiymətlər ötən ilki səviyyədə sabit qala bilər, lakin şəxsən mənim buna inamım yoxdur. Qiymət artımının səbəbləri arasında kağız məmulatlarının qiymətlərindəki artım xüsusilə önəmlidir. Məktəb ləvazimatlarının qiymət artımına birinci olaraq kağız məmulatları: məsələn, dəftərlər, gündəliklər, rəsm albomları və ümumiyyətlə kağız məmulatlarının qiymətlərinin artması səbəb olur. Bu artımın səbəbi kağızın özünün qiymətində müşahidə olunan 15-20 qəpik aralığındakı artımlardır. Rusiya-Ukrayna müharibəsi və digər amillər nəticəsində kağız materiallarının ölkəyə gətirilməsindəki ləngimələr qiymətlərin artmasına gətirib çıxarıb. Təbii ki, təklif azaldıqda tələbat artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

E.Nuri, məktəb ləvazimatlarının qiymətləri ilə bağlı konkret məlumatları da açıqlayıb:

"Minimal məktəb xərclərində bir dəftərin qiyməti 40 qəpikdən 2 manata qədər dəyişir. Rəsm albomları 1-4 manat aralığında qiymətlənir. Bu qiymətlər məhsulun vərəqlərinin sayı və kağız keyfiyyəti ilə əlaqədardır.

Digər ləvazimatlarda da qiymət dəyişiklikləri müşahidə edilir: Sadə qələmlər 10-30 qəpik aralığında, daha keyfiyyətli qələmlər isə 1 manata qədər və daha çox qiymətə təklif olunur. Rəngli karandaşların qiyməti 1-8 manat arasında dəyişir. Pozanlar 20-50 qəpik, qələmyonanlar 15 qəpikdən 1 manat 50 qəpiyə qədər dəyişir. Xətkeşlər 20 qəpikdən 2 manat 40 qəpiyə qədər, plastilinlər isə 1 manatdan 5 manata qədər qiymətlənir.

Əsas narahatlıq məktəbli çantalarının qiymətindədir. Minimal çanta qiyməti 15 manat, maksimal isə 55 manat göstərilir. Lakin bazarda 15 manata çanta tapmaq çox çətindir".

Təhsil eksperti onu da qeyd edib ki, məktəb formalarının qiymətləri o qədər də baha deyil:

“Məsələn, uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Bu qiymətlər ən ucuz geyim imkanları ilə müqayisədə demək olar ki, eynidir.

Bu məlumatlar göstərir ki, yeni tədris ilində məktəb ləvazimatlarının qiymətlərindəki artım valideynlər üçün əhəmiyyətli maliyyə yükü yaradır. Bu vəziyyət, məktəb ləvazimatlarının daha sərfəli şəkildə təmin edilməsi üçün əlavə tədbirlərin görülməsini zəruri edir”.

Fuad Mədətov
Fins.az