SOSİUM

09 Sentyabr

Kənd və şəhər: Azərbaycanda müəllim kadrlarının bərabərsizliyi və çətinliklər

Azərbaycanda 2024-cü tədris ilinin başlanması ilə əlaqədar təhsil sahəsindəki aktual məsələlərdən biri də müəllim kadrlarının yerləşdirilməsi ilə bağlı problemlərdir.

Bu məsələni Fins.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri şərh edib.

E.Nuri, müəllim kadrlarının kəmiyyət baxımından yetərsizliyi ilə bağlı irəli sürülən fikirlərə qətiyyən razı olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda müəllim kadrlarının həm keyfiyyət, həm də kəmiyyət baxımından yetərsizliyi problemi mövcud deyil:

“Hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 15-16 min yeni müəllim müraciət edir, bəzi illərdə bu rəqəm 48 minə qədər yüksəlir. Bu, ölkədə müəllimlərin sayı ilə bağlı heç bir problemin olmadığını göstərir. Əksinə, kəmiyyət baxımından çoxluq problemi mövcuddur. Ali məktəblərə qəbul imtahanlarında pedaqoji ixtisasların plan yerlərinin azaldılması, əmək bazarının tələblərinin tənzimlənməsi ilə əlaqədardır. Bu vəziyyətin səbəbi, əmək bazarında artıq kifayət qədər pedaqoji kadrın mövcud olması və bəzi müəllimlərin işlə təmin olunmaması ilə bağlıdır. Müəyyən bölgələrdə, xüsusilə iri şəhərlərdə, məsələn, Bakı, Sumqayıt və Abşeron bölgələrində müəllim yerləşdirmə problemlərinin hələ də mövcuddur. Eyni zamanda, ölkənin cənub və şimal bölgələri arasında böyük fərq olmasa da, dağ kəndlərində və ucqar bölgələrdə müəllim çatışmazlığı müşahidə olunur. Bu problemlərin əvvəlki dövrlərdə müəyyən qədər həll edilsə də, lakin sonradan bu tendensiya zəifləməyə başladı.”


Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyi

E.Nuri, kənd bölgələrində çalışan müəllimlərin dəstəklənməsi və ayrımçılığa məruz qalmalarının aradan qaldırılmasının vacib olduğunu vurğulayıb:

“Xanım müəllimlərin ucqar bölgələrə getməkdə çətinlik çəkdiyini anlayıram, amma ucqar bölgələrdə işləmək istəyən fədakar müəllimləri dəstəkləyirəm. Şəhərdə və kənddə müəllim olma arasında heç bir fərq yoxdur, hər iki bölgənin bərabər dərəcədə dəyərlidir.”

Ümumilikdə, 2024-cü tədris ilində müəllim kadrlarının yerləşdirilməsi ilə bağlı mövcud problemləri həll etmək üçün həm mərkəzi, həm də yerli səviyyədə effektiv tədbirlər görülməlidir. Təhsil sahəsindəki bu çətinliklər, müəllimlərin daha yaxşı iş şəraiti ilə təmin edilməsi və ucqar bölgələrdəki müəllim çatışmazlığının aradan qaldırılması ilə həll edilə bilər. Bu yanaşma, təhsilin keyfiyyətini artırmaqla yanaşı, bütün ölkə üzrə müəllimlərin bərabər şəraitdə çalışmasını təmin edəcək.

Fuad Mədətov
Fins.az