SOSİUM

04 Sentyabr

Vladanka Andreyeva: Kağızsız hökumət karbon emissiyalarını azaldacaq

Rəqəmsal transformasiya prosedurlarının sadələşdirilməsi gələcəkdə dövlət xidmətlərinin daha effektiv çatdırılmasına kömək edəcək.

Fins.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

Vladanka Andreyeva qeyd edib ki, "Kağızdan istifadənin çox olması meşələrin azalmasına və istixana qazlarının artmasına səbəb olur. Azərbaycanda kağızsız hökumətə keçməklə nə qədər ağacın qorunacağına təsəvvür edin. Rəqəmsal həll yolları ətraf mühitə ciddi şəkildə təsir edəcək. Sənədsiz və ya kağızsız hökumət yalnız ağacları qorumaqla kifayətlənmir; bu, həmçinin müxtəlif resurslara qənaət etməyə və karbon emissiyalarını azaltmağa kömək edir. Bununla yanaşı, məsuliyyətli istehlak mədəniyyətini formalaşdırırıq.”

COP29-a 67 gün qaldığını vurğulayan BMT rəsmisi, dünyanın diqqətinin Bakıya yönələcəyini qeyd edib: “COP29-da qlobal əhəmiyyətli təşəbbüslər müzakirə ediləcək. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə iqlim təşəbbüsləri tədbirlərinin kontekstində öz izini qoymaq niyyətindədir.”