Bu tədris ilində valideynlərin ən çox narahat olduğu məsələlərdən biri məktəb xərcləri olaraq qalır.
Bunu Fins.az-a təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, məktəb ləvazimatları, geyim və digər təhsil xərclərinin valideynlərin büdcəsinə ciddi təsir edir:
“Hər il avqustun sonu və sentyabrın əvvəli, xüsusən də ibtidai və yuxarı siniflərdə oxuyan şagirdlər üçün lazım olan iş dəftərləri, dərsliklər və digər tələblər valideynlər üçün əlavə maliyyə yükü yaradır. Məktəb rəhbərliyi və müəllimlər tərəfindən tələb olunan əlavə dərsliklər və köməkçi vəsaitlər də bu xərcləri daha da artırır. Bu xərclərdən qaçmaq demək olar ki, mümkün deyil, çünki valideynlər öz övladlarının təhsili üçün bu ləvazimatları almaq məcburiyyətindədir. Ancaq bu xərclərin bəzi hallarda ailələrin sosial durumuna uyğun gəlməməsi ciddi problemlərə yol aça bilər.
Müqayisə üçün, bəzi ölkələrdə məktəb xərclərinə dəstək olmaq üçün mövcud olan sosial layihələrə diqqət yetirək. Məsələn, Rusiyada valideynlərə məktəb xərcləri üçün birdəfəlik ödəniş edilir; Gürcüstanda və Türkiyədə də sosial durumu aşağı olan ailələr üçün müxtəlif yardım proqramları mövcuddur. Azərbaycanda isə bu cür sistemli sosial dəstək layihələrinin yetərincə inkişaf etməyib. Ölkədəki bəzi şirkət və sahibkarlıq müəssisələrinin ildə bir dəfə məktəblərə kiçik yardımlar edirlər, lakin bunun əsasən piar xarakteri daşıyır”.
E.Nuri qeyd edib edib ki, Azərbaycanda sosial durumu zəif olan ailələrin uşaqları üçün davamlı yardım proqramları inkişaf etdirilməli, dövlət və özəl sektor bu sahədə daha sistemli və davamlı tədbirlər görməlidir.
“Sosial dəstək proqramları ilə valideynlərin məktəb xərclərini qarşılamaq daha asan olacaq və bu da cəmiyyətin ümumi rifahına müsbət təsir göstərəcək.
2024-cü tədris ili Azərbaycanda valideynlər üçün ciddi iqtisadi çətinliklərin yaşandığı bir dövr olaraq yadda qalır. Məktəb xərclərinin yüksək olması, ailələrin büdcəsinə əlavə yük gətirir və bu, ölkədə sosial dəstək sistemlərinin gücləndirilməsi ehtiyacını daha da aktuallaşdırır”.
Fuad Mədətov
Fins.az